20:50 04 İyun 2020 371
Ana səhifə Xəbərlər

Operativ Qərargah: Həftə sonu aptek və marketlər bağlı olacaq

“Operativ Qərargahın qəbul etdiyi qərar pandemiyanın ikinci mərhələsinin gedişi ilə bağlıdır”.

APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, gələcəkdə həftə sonları və bayram günləri ilə bağlı hərəkətə məhdudiyyətin tətbiqi nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib.

R. Bayramlı nəzərə çatdırıb ki, həftənin cümə günü dövlət qurumlarında qısaldılmış iş günü tətbiq olunacaq: “Cümə günü dövlət müəssisələri saat 2-yə kimi işləyəcək. Ancaq insanlar bunu bayram etməsinlər. Bu, insanların restoranlara, əyləncə mərkəzlərinə axın etməsi üçün deyil, onlar ərzaq ehtiyaclarını təmin etməlidirlər. Özəl müəssisələrə də iş saatlarını saat 14.00-a qədər bitirməyi tövsiyə edirik”.

TƏBİB-in sədri qeyd edib ki, xəbər saytlarının evdən işləməsi mümkündür, fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarının isə məhdud sayda işçi cəlb etməsi məqsədəuyğundur. Onun sözlərinə görə, televiziyalara tövsiyə edilib ki, müsahibələr onlayn qaydada götürülsün. Zəruri halda isə televiziyalar Operativ Qərargaha müraciət etməlidirlər.

Ramin Bayramlı radio və televiziya əməkdaşlarının işə getməsi məsələsinə aydınlıq gətirib. Bildirib ki, icazə verilən bütün qurumların əməkdaşları, o cümlədən radio və TV əməkdaşları icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyətlərini davam etdirə bilərlər. Amma fərdi avtomobillərin hərəkətinə icazə verilmir.

Onun sözlərinə görə, daxili uçuşların yaxın günlərdə bərpa olunması gündəmdədir. Beynəlxalq uçuşlar isə iyulun 1-dək təxirə salına bilər.

Ramin Bayramlı söyləyib ki, tibbi maskaların tədarükü ilə bağlı ölkəmizdə hər hansı problem yoxdur. Bu həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda bütün marketlər və apteklər bağlı olacaq. Apteklərin bağlanması səbəbindən bu günlərdə vətəndaşlar zəruri dərman ləvazimatlarını öncədən ala bilərlər. Ancaq təcili hallar olarsa, bununla bağlı təcili tibbi yardım briqadaları vasitəsilə həmin şəxslərə xidmət göstəriləcək.

Fəaliyyətinə icazə verilən qurumların əməkdaşları öz avtomobilləri, həmin qurumların xidməti maşınları ilə işə gətirilə bilər. İmkanı olmayan qurumlar isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. İşləməsinə icazə verilən qurumların əməkdaşları isə icaze.gov.az-dan qeydiyyatdan keçməlidirlər.

Onun sözlərinə görə, statistik göstəricilər mənfi istiqamətdə inkişaf etsə, uzunmüddətli qapanmalara gedilə bilər. Bu isə iqtisadi baxımdan mənfi nəticələrə səbəb olar. Ramin Bayramlı nəzərə çatdırıb ki, ölkədə gündəlik 150-170 şəxs vəfat edir: “Bu statistikaya uyğun olaraq dəfndə iştirak edə biləcək yaxın adamların sayı bilinir. 102 xidmətinə zəng etməklə insanlar dəfndə iştirak edə biləcəklər. Əvvəllər SMS-lə dəfndə iştirakla bağlı 40-50 min müraciət edilirdi. Bu, sui-istifadə halları idi. 102 xidmətinə yersiz zəng edənlər müvafiq qaydada cəzalandırılacaq”.

R. Bayramlının sözlərinə görə, sosial şəbəkələrdə bəzi şayiələr yayılır ki, guya hər hansı ölmüş şəxsə təcili tibbi yardım xidmətindən onların COVİD-19-dan ölməsi barədə qeydiyyat aparmaq təklif verilir. Bu, tamamilə əsassızdır və müvafiq qurumlar tərəfindən araşdırılıb. COVİD-19 diaqnozunun qoyulması üçün müvafiq elektron sistem var, bura müdaxilə mümkün deyil .

Qurum sədri vurğulayıb ki, ən çox verilən suallardan biri 190 manatlıq sosial ödəmə ilə bağlıdır. Bu qərar iş yerlərinin uzunmüddətli bağlanmasına görə qəbul edilmişdi. Hazırda bütün iş yerləri fəaliyyəti göstərir. Ona görə də 190 manat ödəmənin verilməsi gündəmdə deyil.

Daha sonra çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı qeyd edib ki, dünyada bu günə 6 milyondan çox koronavirusa yoluxma, 380 min ölüm qeydə alınıb. Avropada 2 milyondan yoluxma, 180 mindən çox ölüm qeydə alınıb. Son günlər Avropada virusa yoluxmada azalma müşahidə olunur. Onun sözlərinə görə, bugünkü karantinin nəticəsi 10-14 gün sonra ortaya çıxacaq.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, TƏBİB tərəfindən imtahanlarla bağlı müvafiq qaydalar hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, abituriyent və valideynlərinin test olunması nəzərdə tutulmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın