19:37 10 İyul 2020 542
Ana səhifə Xəbərlər

Operativ Qərargah: Koronavirusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

“190 manat birdəfəlik ödəmələrdə gecikmə olarsa, nazirlik buna ətraflı cavab verəcək”.

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, koronavirusla mübarizə çərçivəsində Türkiyə və Rusiyadan gələn həkimlər Azərbaycan həkimlərinin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirirlər: “Azərbaycanda artım var və belə bir vaxtda təcrübə mübadiləsi vacibdir. Azərbaycanda yoluxma az olanda bizim də həkimlərimiz başqa ölkələrə köməyə gedə bilərlər. Həkimlərimiz arasında yoluxma və ölüm halları olan halda belə dəstək vacibdir. Kubanın dünyada böyük təcrübəsi var. Xüsusən Kubanın Ebola virusuna qarşı böyük təcrübəsi var. Kuba və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur və imzalanmış sazişə uyğun olaraq Kubadan həkimlər gələcək”.

Prezidentin köməkçisi onu da qeyd edib ki, pandemiya dövründə virusa yoluxmuş 18 məhkumdan 2-si vaxtından əvvəl azadlığa buraxılıb. Həmçinin Azərbaycanın Əfqanıstandakı sülhməramlılarından biri də koronavirusa yoluxub.

Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma faktları qeydə alınıb. Hikmət Hacıyevin sözlərinə görə, Meksika və Moldovada səfirliklərin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var. Buna baxmayaraq, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirir.

Şöbə müdiri əlavə edib ki, gələn həftə ərzində Rusiya-Azərbaycan sərhədi qalan 250 vətəndaşımızın ölkəyə gətirilməsi nəzərdə tutulub: “Qətərdən və Macarıstandan da Azərbaycana vətəndaşların gətirilməsi nəzərdə tutulub”.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib: “Əgər biz hamımız əlbir olmasaq, bir yerdə xəstəliyə qarşı mübarizə aparmasaq, bu bəlaya qalib gələ bilmərik”.

Yaqut Qarayeva deyib ki, koronavirusla mübarizə aparmaq məqsədilə Azərbaycana dəstək üçün xaricdən həkimlər gəlib: “Xaricdən gələn həkimlərlə bağlı dəstəyə görə “Gilan Holding”, “Paşa Holding” və Beynəlxalq Banka minnətdarıq”.

Sonda TƏBİB rəsmisi deyib ki, sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunmur.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın