12:47 15 Avqust 2020 618
Ana səhifə Xəbərlər

Operativ Qərargahın mətbuat konfransı - 15.08.2020

“Məktəblərin açılması ilə bağlı yekdil qərar barədə danışmaq hələ çox tezdir”.

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, hazırda təhsil müəssisələrinin açılması məsələsi araşdırılır və öyrənilir. Bunun üçün digər ölkələrin təcrübələrinə müraciət edilir: “Çox sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən forumlarda valideynlərin, ekspertlərin iştirakı ilə bu məsələ müzakirə edilir. Yekdil qərar barədə danışmaq hələ çox tezdir. Burada peşə məktəbləri, orta məktəblər, ali təhsil müəssisələri ilə bağlı qaydalar tətbiq olunmalıdır. Digər ölkələrdə də bu məsələ ciddi müzakirə edilir. Hətta bəzi ölkələrdə məktəblərin bir qədər gec açılması məsələsi də müzakirə olunur”.

Prezidentin köməkçisi qarşıdan gələn məhərrəm ayında insanların kütləvi şəkildə dini ayinləri yerinə yetirməsi məsələsinə də toxunub. O, bildirib ki, mömin insanlar karantin qaydalarına riayət etməlidirlər: “Mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti, o cümlədən digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”.

Hikmət Hacıyev metro fəaliyyət göstərmədiyi üçün avtobus xətlərinin artırılması məsələsinə yenidən baxıldığını da xatırladıb.

Onun sözlərinə görə, iyulun 6-dək Bakıda 1800-1900 avtobus fəaliyyət göstərirdi. Bundan sonrakı dövrdə 100 avtobus əlavə olunub ki, sıxlıq maksimum şəkildə aradan qaldırılsın: “Həmçinin Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı kəndlərini, Bakının əsas dayanacaq məntəqələri ilə birləşdirən əlavə xətlər də verilib. Bu əlavə xətlərin sayının artırılması və oraya əlavə avtobusların verilməsi məsələsi də baxılmaqdadır və yaxın günlərdə bununla bağlı əlavə qərarlar veriləcək”.

Hikmət Hacıyev Rusiyada olan Azərbaycan vətəndaşlarının ölkəyə keçidinin həftəlik qrafiklə təmin edildiyini də diqqətə çatdırıb. O bildirib ki, Mərkəzi Asiya ölkələrində də bir neçə vətəndaşımız qalıb.

Brifinqdə qeyd olunub ki, hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, yumşalmaya gedəndə yoluxma sayında artım müşahidə oluna bilər. Amma buna hazırlıqlı olmalıyıq: “Biz açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

Yaqut Qarayeva vurğulayıb ki, koronavirusa qarşı ÜST-ün təsdiqlədiyi peyvənddən istifadə olunmalıdır: “Tibbi Qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVID-19-a qarşı olan peyvənddir. Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır”.

O bildirib ki, hazırda təsdiq olunmuş peyvəndin ən tez zamanda alınıb Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr gedir. TƏBİB rəsmisi onu da qeyd edib ki, koronavirus peyvəndi ilə bağlı Rusiyayla danışıq aparılmır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə bildirib ki, fərdi mikrosahibkarlara birbaşa dəstəyin göstərilməsi, pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsinin birinci mərhələsi başa çatıb və pandemiyadan zərərçəkən sahibkarlara dəstək göstərilməsinin ikinci mərhələsinə start verilib: “44 329 fərdi mikrosahibkara dəstək göstərilib. Muzdlu işçilərə dəstək verilməsi üçün artıq siyahılar müəyyənləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilib”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ qərargahın bu günkü qərarı ilə avqustun 18-dən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində yerləşən ictimai iaşə obyektlərinin müştərilərə açıq hava sahəsində yerində xidmət göstərməsinə saat 09:00-dan 22:00-dək icazə verilib.

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın