12:31 24 Yanvar 2021 134
Ana səhifə Xəbərlər

Övladının 1 yaşını qeyd etmək nəsibi olmadı - REPORTAJ

44 günlük Vətən Müharibəsində tarix yazan igidlərdən biri də Xaspolad Qasımovdur.

APA TV-nin yerli bürosunun məlumatına görə, xüsusi təyinatlı kimi döyüşlərdə qəhrəmanlıq göstərən Xaspolad Qasımov 1993-cü ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub.

Hələ uşaq yaşlarından qəhrəmanlığı ilə seçilən Xaspoladın ən böyük istəyi hərbçi olmaq idi. 2013-cü ilin iyul ayında hərbi xidməti bitirən Xaspolad 2016-cı ilin dekabr ayına qədər hərbi hissədə sürücü vəzifəsində xidmət edib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin təməl kursunu bitirib, 2017-ci ilin may ayında “kəşfiyyatçı atıcı”, 2019-cu ildən isə xüsusi əməliyyatın kəşfiyyatçısı vəzifəsinə təyin edilib. Gizir rütbəsini daşıyan şəhidimiz peşəsini daha da təkmilləşdirmək üçün xarici ölkələrdə kurs keçib, təltif olunub.

Xaspoladın anası Nüşabə Qasımova oğlunun 13 ildən sonra dünyaya gəldiyini bildirib. Ana övladının uşaq yaşlarından cəld və çevik uşaq olduğunu deyir: “Körpəlikdən zirək oğlan idi. Yerdə qoyurdum onu, bir də görürdüm ki, yuxarıda borudan-zaddan tutub dırmaşırdı. Zirək idi. Körpəlikdən dedi, hərbçi olacam. Getdi orda-burda işlədi. Uşaqlıqdan o zəhmətkeş, zirək oğlan olub. Anasının hər işinə, hər sözünə, atasının hər işimizi düzüb qoşan oğlan idi”.

“Xaspolad ölməyib, şəhid olub. Ən uca zirvəyə yüksəlib” deyir şəhidimizin anası: “Bütün kənddə özü üçün o qədər hörmət qazanmışdı ki. Getdi xarici ölkədə, Türkiyədə 53 ölkənin içində birinci yeri tutdu gəldi. Zəng vururdu “mama, nə qədər fəxri fərman almışam”. Nailiyyətlərinə o qədər sevinirdim ki”.

Gizir Xaspolad Qasımov Vətən Müharibəsi başlayanda xüsusi təyinatlı kimi qəhrəmanlıq göstərib və oktyabrın 6-da Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.

Xaspoladın atası Fikrət Qasımov deyir ki, oğlu döyüş yoldaşlarını xilas edərkən şəhidliyə ucalıb. Sonuncu telefon danışığını belə xatırlayır: “Zəng elədi dedi ki, ala-ala gedirik. Bir şey qalmayıb deyir. Axırıncı zəngi ayın 3-ü oldu. Həmin gün də, sən demə, mənim ad günüm olub, mənim xəbərim yoxdur. Ancaq elə televizorun qabağında oturub baxırdım. Dedi, eybi yoxdur, gələrəm, bir yerdə qeyd edərik (uşağı Tunarın 1 yaşı olacaqdı). Axırıncı zəngi ayın 3-ü oldu. 4-ü zəng çatmadı. 5-i, 6-sı və xəbər çatdı ki, şəhid olub vətən uğrunda”.

Qeyd edək ki, hələ sağlığında bir çox medal və diplomlarla mükafatlandırılan Xaspolad ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Övladı Tunarın doğum gününə həvəslə hazırlaşırdı. 1 yaşını qeyd etməyi səbirsizliklə gözləyirdi. Amma vətən sevgisi onun bu istəyinin həyata keçirilməsinə imkan vermədi. Qoxusuna doya bilmədiyin övladı indi bizlərə əmanətdir. Gözün arxada qalmasın, Xaspolad!

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV Xızı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın