18:40 26 May 2018 1960
Ana səhifə Xəbərlər

Övladlarımıza cəsarət hissini necə aşılamalı? - PSİXOLOQ MƏSLƏHƏTİ

Dahilərdən biri deyib ki, dünyada təqlid edilməsi mümkün olmayan tək şey cəsarətdir.


APA TV-nin məlumatına görə, bəzilərinin fikrincə, cəsarət hissi çox olanda axmaqlığa, az olanda isə qorxaqlığa gətirib çıxarır. Kimisi üçün cəsarət anadangəlmə, kimisi üçün də sonradan qazanılan xüsusiyyətdir. Cəsarət anlayışı kimisi üçün təhlükəli risklər, kimisi üçün kəsərli nitq, kimisi üçün də çəkinmədən və israrla haqlı olduğunu müdafiə etməkdir. Bəs görəsən insanın həyatını şərtləndirən, onu şəxsiyyət kimi formalaşdıran bu xüsusiyyəti övladlarımıza aşılaya bilirikmi?

Psixoloqlar deyir ki, cəsarətsiz uşaqlar yeniliklərə meyl göstərmir, utancaq və kompleksli olurlar. Uşaqların bu kimi əlamətlərini isə sinif yoldaşları, müəllimləri daha tez anlaya bilir. Valideynlərin yanında isə uşaqlar adətən daha rahat olduqlarından onlar övladlarında bu cəsarətsizliyi hiss etmir.

Psixoloq Aidə Nəbiyevanın fikrincə cəsarət hissi atadangəlmədir və uşaqlarda erkən yaşlarda formalaşdırılmalıdır. Bu mövzuda ən böyük məsuliyyət də məhz valideynlərin üzərinə düşür.

Psixoloq Aidə Nəbiyevanın sözlərinə görə, cəsarət hissinin formalaşmasında ən önəmli cəhətlərdən biri tərifidir: "Cəsarət hislərinin formalaşmasında ən mühüm cəhətlərdən biri də uşaqlarınızın hər hansı bir addımı atdıqdan sonra təriflənməsidir. Bu möhkəmləndirilmə mərhələsidir. Əgər uşaqlarınız bir heyvanla kontakt qurmurdusa, sonradan ona doğru gedirsə, onu tərifləmək, "afərin sənə", "çox yaxşı ki, bunu elədin" kimi dəstəkləyici fikirlərdən istifadə etmək olar".

Bəs şəhər sakinləri necə düşünür? Onlar övladlarında cəsarət hissini hansı yollarla formalaşdırırlar?

Şəxsiyyət biososial varlıqdır. Hər bir fərdin şəxsiyyət kimi formalaşması ailədən başlayır. Məhz buna görə də valideyn ilə övlad arasındakı münasibətlər qarşılıqlı möhkəm inam üzərində qurulmalıdır: "Ən çox tənqid edildikdə cəsarət hisləri azalır, uşağınıza inanmadıqda, uşağınızı başqaları ilə müqayisə elədikdə, bir də ən önəmlisi tərifi az elədikdə. Yadınızda saxlayın, əgər bir şəxsiyyətə, bir insana, bir uşağa valideynləri inanmırsa, ona bütöv bir cəmiyyətin inanmağı mümkün deyil".

Sonda isə 1989-cu ildə çəkilmiş "Ölü şairlər cəmiyyəti" adlı məşhur filmdən bir nüansı diqqətə çatdırmaq istəyirəm. Filmdə ailələri tərəfindən qadağalara məruz qalan məktəblilər və onların həyatını dəyişdirməyə çalışan ədəbiyyat müəllimindən bəhs edilir. Hadisələr elə cərəyan edir ki, müəllim haqsızlıqla üzləşir. Müəllimlərinin işdən ədalətsiz şəkildə çıxarılmasına ilk etiraz edən isə film boyunca ən cəsarətsiz, çəkingən, düşüncələrini söyləməkdə utancaq olan şagirdlərdən biri olur.

Uşaqlar gözəl həyat, inkişaf və yenilik deməkdir. Uşaqlar gələcəkdir. Əziz valideynlər, çalışaq ki, uşaqlarımıza düzgün məqamda, düzgün formada cəsarətli addım atmağı aşılaya bilək.

Müəllif | Apa.Tv

Leyla Behbudlu

Kodu kopyalayın