12:40 15 Yanvar 2018 4910
Ana səhifə Xəbərlər

Övladlarını məktəbə, bağçaya göndərə bilməyən ailə - GEYMƏYƏ PALTARLARI YOXDUR

Qurbanzadələr ailəsi Siyəzənin Böyük Həmyə kəndində yaşayır. Onların 7 övladlı var. Uşaqlardan 4-ü məktəblidir. Amma uşaqlar məktəbə gedə bilmirlər. Səbəbi isə...

İlahə Qurbanzadənin sözlərinə görə, övladlarının məktəbə gedə bilməməsinə səbəb maddi imkansızlıqdır: "Dolanışığımız çətindir. Uşaqlar çörək tapıb yeyə bilmirlər vaxtlı-vaxtında. Uşaqlardan 4-ü məktəblidir, 2-si bağçaya gedə bilmir. Çətinlikdir, çatdıra bilmirəm. Evdə qoyub gedirəm, evi dağıdırlar. Qazımız, suyumuz yoxdur. Uşaqları vaxtlı-vaxtında çimizdirə, paltarlarını yuya bilmirəm. Uşaqların paltarları, ayaqqabıları yoxdur. Çatdırıb ala bilmirik. Sosial yardım kəsiləndən sonra lap çətindir. Qonşular kömək edirlər. Çox sağ olsunlar".

İbrahim Qurbanzadə də deyir ki, məktəbə getmək ən böyük arzusudur: "Məktəbə getmək istəyirəm, əyin-başım yoxdur. Oxumaq istəyirəm. Kitab-dəftər istəyirəm".

Ailə başçısı Yusif Qurbanzadə deyir ki, iki il davamlı olaraq ünvanlı sosial yardım alıblar. Amma sənədlərində yaranan problemə görə indi sosial yardım ala bilmirlər: "7 uşaqdır, saxlaya bilmirəm. Çətinlik çəkirəm. Torpağın, evin sənədi olmadığına görə. Adıma torpaq olmalıdır, o da yoxdur. İki il bir, bir il də bir sosial yardım almışam. VÖEN-ə görə pul köçürməli idim, köçürməmişəm. Ona da borcum qalıb. Ona görə də sosial yardım ala bilmirəm. Qonşular, qohumlar arada kömək edir. Onlar da nə vaxta kimi kömək edəcək?"

Qeyd edək ki, 2013-cü ildə Qurbanzadələr ailəsi haqqında Lent.az -da yayımlanan reportajdan sonra bu ailə üçün yeni yaşayış evi tikilib istifadəyə verilmiş və maddi yardım olunmuşdu.

Müəllif | Apa.Tv

Vəli Turan

Kodu kopyalayın