01:20 17 Fevral 2018 809
Ana səhifə Xəbərlər

Özünüməşğulluq proqramı 1 yaşında - NƏTİCƏLƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin dəstəklənməsi məqsədilə bir il əvvəl özünüməşğulluq proqramını reallaşdırmağa başladı.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, proqram çərçivəsində işsiz və işaxtaran vətəndaşlara öz bacarıqlarına görə maddi dəstək göstərmək nəzərdə tutulur. Bölgələrdə fəaliyyət göstərən Məşğulluq idarələri işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxsləri seçərək, biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb edib.

Həmin təlimlərdən yararlanan ailələrdən biri Məmmədovlar ailəsidir. Dövlətdən alınan sosial yardımla dolanan 6 nəfərlik ailə bu gün sahibkara çevrilib. Dövlətin verdiyi südlük inəklərdən əldə etdiyi məhsuldan yağ, pendir, şor hazırlayaraq həm özləri istifadə edir, həm də bazarda sataraq ailənin digər ehtiyaclarını ödəyirlər:

"Qadın olduğumuza görə bu malı seçdik. Gərək həm də bu inəkləri saxlaya biləsən. Allah hamısının köməyi olsun. 4 baş indi olub 7 baş. İkisi də namizəddir, balası olacaq".

Səriyyə Məmmədova deyir ki, heyvanlardan əldə etdiyi məhsullardan qonum-qonşuya pay da verir:

"Gəlir artıqlaması ilə olur. Pendiri, südü, qatığı həm yeyib dolanır, həm də artığını bazarda satırıq, hələ pay da veririk".

Əli Allahverdiyiev Tərtər şəhərində yaşayır. 28 yaşlı bu gənc ali təhsilli olsa da, iş tapmaqda çətinlik çəkib. Bu səbəbdən öz biznes layihəsi ilə təlimdə iştirak edib. Ona 200 baş yumurtlayan toyuq verilib.

"Quşçuluq sahəsi bizim rayon üçün ən sərfəli sahələrdən biri hesab olunur. Ona görə qərara gəldik ki, məşğulluğa müraciət edərkən bu sahəni seçək, əsas bu sahə üzərində biznesimizi quraq. Şükür Allaha, başladıq, işimizi qurduq, biznesi qurduq, layihəmiz uğurlu alındı. Gördüyünüz kimi, burada cins quşlar da var, bizim yerli sortlardan da var".

Əli həm yumurtalıq, həm damazlıq, həm də dekorativ quşlar becərmək istəyir.

"Əsas biz işimizi bunların artımına yönəltmişik, gəliri o qədər düşünmürük. Gəliri əsas ikinci ildən sonra hesablayırıq. Layihə çox gözəldir. Mən fikirləşirəm ki, bu cür layihələri artırsalar, ölkədə kənd təsərrüfatında çox güclü iş görmüş olarlar. Çatışmayan ən başlıca məsələ kapitaldır".

Sədayə Abdullayeva da Tərtər şəhər sakinidir. 50 yaşlı bu qadının isə layihə əsasında uşaqlıq arzuları reallaşıb. Həm də necə deyərlər, evinin içində ölçür, biçir, tikir, satır. İndi öz evinin həm xanımıdır, həm də gəliri ilə ailə büdcəsinə əməlli-başlı dəstək olan sahibkardır:

"Dərzilik mənim həvəsimdir, uşaqlıqdan məşğul olmuşam. Sonra məşğulluqdan eşitdiyim bu layihə məni çox sevindirdi, yazıldım kursa. Kursda öyrəndim, avadanlığı əldə elədim, indi işimi daha yaxşı, daha keyfiyyətli görürəm. Qabaqlar əl maşını ilə işləyirdim. İndi sağ olsun dövlətimiz, belə bir köməklik göstərdi bizə. Bununla mən səliqəli işlər görürəm. Əl maşınında paltarların səliqə-sahmanına fikir verə bilmirdim. Tək bir tikişlə tikirdim. İndi müasir maşınla, müasir ütü ilə daha yaxşı işlər görürəm. Ən çox yataq üzlüyü tikməyə üstünlük verirəm, yataq dəstləri tikməklə məşğul oluram".

Əhalinin özünüməşqulluğunu artırmaq üçün ölkənin bütün bölgələrində bu layihə reallaşdırılır. Cəbhə xəttində yerləşən rayonların sakinlərinə və məcburi köçkünlərə isə xüsusi diqqətlə yanaşılır. Təkcə Tərtər rayonunda ötən il qeydiyyata alınan işsiz və ya imkansız vətəndaşlardan 18-i kiçik sahibkara çevrilib. Onlardan 14 nəfəri kənd təsərrüfatı sahələrində südlük, ətlik və damazlıq, eləcə də quşçuluq sahəsində damazlıq, inkubator və yumurta satışı ilə məşğul olan sahibkardır. 4 nəfər isə iaşə obyekti - kişi bərbəri, qadın salonu və ya dərzi sexləri açıb.

Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayevin sözlərinə görə mərkəzdə keçirilən təlimlərə 22 nəfər qatılıb: "Məşğulluq Mərkəzində işsiz və iş axtaran 22 nəfər vətəndaş təlimlərə qoşuldu. Onlara beynəlxalq təlimçilər 2 ay təlim keçdilər. Bundan sonra 18 nəfər müsbət qiymət aldı və onlara biznes layihələrin həyata keçirmək üçün aktivlər verildi. Biz də bir il ərzində onlara nəzarət etdik. Vətəndaşlar özləri də biznes layihələrini uğurla həyata keçirirlər".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın