17:00 20 Yanvar 2021 82
Ana səhifə Xəbərlər

Paytaxt sakinləri peyvənd olunacaqmı? - REPORTAJ

Dünəndən etibarən başlamış vaksinasiya prosesi tam sürətlə davam edir. Amma bəzi vətəndaşlarda qəribə xof yaranıb ki, “mən vaksin vurdurmayacam”, “məni qorumur”, “riskləri var” və s. Yəni, adamlarda niyə belə şübhələr yaranır? Bunun səbəbi nədir? Biz də APA TV olaraq məsələni araşdırmağa qərar verdik.

Demək olar ki, ötən ili yaşaya bilməməyimizin əsas baiskarı sayılan COVID-19 virusunun əlacı nəhayət ki, tapılıb. bu vaksin öncə Braziliya və qardaş Türkiyə kimi ölkələrdə sınaqdan keçirilib. Ötən gündən isə artıq ölkəmizdə də bu prosesə başlanılıb. Ancaq nədənsə cəmiyyətimizdə peyvəndlə bağlı fikirlər birmənalı deyil:

- Bəli, biz peyvənd olunacağıq. Hamı kimi biz də olunacağıq. Başlayanda necə dedilər ki, korona yoxdur, ancaq mənim ailəmdə atam da tutdu, qardaşım da tutdu, hamımız dırnaqarası baxdıq ona. İndi də sosial şəbəkələrdə baxırıq ki, ağız-burun əyirlər. Amma vaxt gələcək, hamı öz istəyiylə gedib peyvənd olunacaq.

- Bu olmalıdır da yəni. Ailəmizi, öz sağlamlığımızı qorumaq üçün peyvənd lazımdır. Bu da virusla bir mübarizə şəklidir.

- Yəqin ki, hə. Nəzərə alsaq ki, kimlərsə ölkədən xaricə gedir, deməli, peyvənd mütləqdir. Olmağına mütləq olacam. Hətta özüm də gözləyirəm deyərdim.

Ancaq elə adamlar var ki, virusdan tutmuş, vaksinasiya prosesinə qədər heç nəyə inanmırlar. Hətta bunun bir oyun olduğunu düşünürlər:

- Xeyr, ehtiyac yoxdur. Məndə yoluxma riski sıfırdır. “Polnu” güvənirəm.

- Xeyr, inanmıram. Mənə elə gəlir, xeyrindən çox zərəri var. Belə bir söz deyim. Virus Çində yaranıb, amma vaksini də Çində özləri yaradıb. Mənə elə gəlir, insanları azaltmaq istəyirlər. Masonların işidir.

- Vallah hərə bir şey deyir, adam ürkür, qorxur. Bax, deyirlər, nələrsə ola bilər. Hamı vurdursa peyvəndi, biz də vurdurarıq. Çarəmiz yoxdur onsuz.

Göründüyü kimi vətəndaşlarda nəinki peyvəndə, hətta peyvəndlə bağlı cümlələrə qarşı da bir immunitet formalaşıb. Sanki bizim sorğudan virus keçirmiş kimi.

Bəs bütün bu qorxu və şübhə dolu narahatlıqların əsaslı səbəbi varmı? TƏBİB-in Dərman və Tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyevin fikrincə peyvənd edilmənin heç bir təhlükəsi yoxdur: “Hər bir dərman vasitəsi kimi vaksin də beynəlxalq standartların tələbinə uyğun olaraq kliniki sınaqlardan keçib. Ölkəmizdə tətbiq olunacaq bu vaksin bütün bu mərhələləri uğurla tamamlayıb. Yəni, onun keyfiyyəti, təhlükəsizliyi tam olaraq qiymətləndirilib və burada hər hansısa narahatlığa əsas yoxdur”.

Hər hansısa əks-təsirlərə gəlincə, mütəxəssis bu kimi problemlərin həyati təhlükə yaratmadığına və qısamüddətli olduğuna diqqət çəkir: “Vaksinlərdə hər hansı yüngül əks-təsirlər müşahidə oluna bilər ki, bu da bütün vaksinlərdə olur. Baş ağrısı, yorğunluq, temperatur, inyeksiya nahiyəsində şişkinlik, ağırlıq ola bilər ki, bunlar da keçicidir və görülmə tezliyi bütün vaksinlərlə eyni vaxtlıdır”.

İstər qızılca, istər qrip, istərsə də “donuz qripi” hazırda normal həyatımızın bir parçasına çevrilərək dəbdən düşüb. Koronavirusun da bu şərtlərə riayət etməsi üçün vaksinasiya əlbəttə vacibdir. Üstəlik, şübhələnmək istəyənlər bəhanə axtardığı kimi, qorunmağa çalışanlar da bir-birindən fərqli səbəblər tapa bilər. Fəqət nəticə göz qabağındadır. Bir ildən artıqdır dərmanını gözlədiyimiz dərdin əlacı nəhayət ki, kəşf olunub. Geriyə qalır, özümüzə qarşı laqeyd olmamaq...

Mir Çingiz Ağazadə

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın