14:12 08 Aprel 2021 55
Ana səhifə Xəbərlər

Paytaxtda bir il öncə uçan eyvan bərpa olunmayıb - SOS

Ötən ilin may ayında Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında, Respublika Uşaq Stomatoloji Mərkəzinin yerləşdiyi beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində uçmuş eyvan hələ də bərpa olunmayıb.

Sakinlərin şikayəti əsasında sözügedən ünvanda olduq. Gördüyümüz mənzərə bizi də təəccübləndirdi. Çünki 3-cü mərtəbənin eyvanı uçduqdan sonra digər mərtəbələrdə də eyni hadisə yaşanıb. Hazırda bəzi eyvanlar da təhlükəli vəziyyətə düşüb.

Nəzərə alsaq ki, sözügedən ünvan Uşaq Stomatoloji Mərkəzinin binası kimi tanınır, eyni zamanda metronun mərkəzi çıxışının üstündədir, onda məsələnin mahiyyəti ciddi narahatlıq yaradır.

Bina sakinlərinin haqlı narazılığına aydınlıq gətirilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin mövqeyini öyrəndik. İcra hakimiyyətindən bildirilirdi ki, Təbriz küçəsindəki 102 saylı binanın uzun müddət istismarı nəticəsində binada mövcud olan eyvanların bir neçəsinin beton hissəsi dağılıb, içindəki armatur hissələri atmosfer çöküntüləri nəticəsində korroziyaya uğrayıb. Bu səbəbdən eyvanlar ləğv olunub.

Artıq həmin bina Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların siyahısına əlavə edilib, yaxın gələcəkdə hər hansı investor şirkət tərəfindən sökülərək yenisinin tikilməsi nəzərdə tutulub.

Buna baxmayaraq, tərtib olunan tədbirlər planına əsasən, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həmin binada təmir işlərinin aparılması nəzərdə tutulub.

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın