15:54 10 Avqust 2020 304
Ana səhifə Xəbərlər

Peşə təhsili pilləsinə tələbə qəbulu başladı – YENİ ŞƏRTLƏR VAR

“Bu gündən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılıb”.

APA TV-nin məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov mətbuat konfransında deyib. O bildirib ki, ilk dəfə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət edə bilərlər. Qeydiyyat müddəti 10-24 avqust tarixlərini əhatə edəcək: “2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq. İlk dəfə olaraq tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Bura əsasən turizmlə bağlı ixtisaslardır, amma kənd təsərrüfatı, digər sahələr üzrə də ixtisaslar var”.

O bildirib ki, peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulur.

Qəbul olmaq istəyənlər qəbul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyat keçməlidirlər.

Pərviz Yusifov onu da vurğulayıb ki, yeni tədris ilində peşə təhsili üzrə qəbul planına 8 260 yer ayrılıb. Bunlardan 11 040 yer dövlət , 7220 yer qəbul isə ödənişli əsaslarla həyata keçirələcək: “Nazirlər Kabinetinin qərarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin I, II və III dərəcə əlilliyi olanlar, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Həmçinin 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət hesabına qarşılanacaq”.

P.Yusifov qeyd edib ki, bu ilin sonuna qədər ixtisaslar üzrə təsnifat yenidən hazırlanacaq: “Burada əsas məqsəd peşə təhsilinə yeni ixtisaslar gətirmək, köhnə ixtisasları isə çıxarmaqdır. Növbəti ildə tam hazır təsnifatla qəbul aparılacaq”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuzadə bildirib ki, peşə təhsili müəssisəsinə qəbul üçün bu ildən ASAN xidmət mərkəzlərinə getməyə ehtiyac yoxdur. Bu ildən qəbul mərkəzləşmiş sistem əsasında həyata keçiriləcək: “Müraciətlər barədə ərizəçinin "Şəxsi kabineti"nin bölümündə göstərilir. İlk dəfə olaraq müraciət edənlər agentliyin saytında bütün ixtisaslar və müəssisələr barədə məlumat ala bilərlər. Bu da namizədlərin işini asanlaşdırır və onların evdən çıxmasına ehtiyac olmur”.

O bildirib ki, peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirənlər müraciət edə bilərlər: “Qeydiyyatdan keçənlərin ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edənlərin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsil müəssisəsinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında aparılır”.

R.Yolçuzadə qeyd edib ki, tələbə qəbulu prosesində hər şəxsə 5 ixtisas seçimi verilir: “Müsabiqədə iştirak edənlərə müraciətin nəticəsi barədə SMS vasitəsilə məlumat verilməsi nəzərdə tutulur”.

Baş məsləhətçi hələ də buraxılış imtahanı verməyən və ya attestat almayanlarla bağlı məsələyə də münasibət bildirib: “Həmin şəxslər oxuduqları məktəbdən attestat imtahanını növbəti mərhələdə verəcəyi barədə sənəd və 10 fənn barədə qiymət cədvəlini almalıdır. Qeydiyyat zamanı bu sənədlər istifadə edə bilərlər. Həmçinin müraciət edənlərə bitirdiyi təhsil səviyyəsinə uyğun ixtisaslar təklif olunacaq. Yəni 9 və 11-ci siniflərə uyğun ixtisaslar göstəriləcək. Buna görə də məlumatları doğru qeyd etmək lazımdır”.

Qeyd edək ki, 24 avqustda qeydiyyat başa çatdıqdan sonra 25 avqustdan müsabiqənin nəticəsi barədə məlumatlar namizədlərə SMS vasitəsilə göndəriləcək.

Üzeyir Ağayev,

Həmidağa Məcidov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın