18:00 14 Oktyabr 2019 76
Ana səhifə Xəbərlər

Piyada zolağına çıxan sürücü, Park-la-ma! - PARKLAMAĞA İSƏ YER ÇATMIR

Bakının əbədi problemlərdən birindən danışacağıq. Nəqliyyat sistemindəki boşluqlardan. Amma məsələ burasındadır ki, bu boşluqlar nəqliyyat vasitələrinin hərəkət etdiyi yollarda özünü büruzə vermir, əksinə, bu boşluqlar sıxlıq və tıxaca səbəb olur.

Üstəlik, yeni tədris mövsümünün başlaması isə reallığı göz önünə gətirmək belə arzuolunmazdır.

Yəqin ürəyiniz sıxıldı. Hə, məsələ də elə burasındadır. İndi bu tıxaclarda saatlarla qalan ürəyi xəstə birini düşünün, yaxud təcili yardımda can üstə olan insanı, ya da hansısa yanğın yerinə tələsən yanğınsöndürən maşını, kiminsə həyatını qurtarmağa gecikən xilasedicini... Nəticə ya faciədir, ya da ən azından bir insanın həyatının sonu.

Problemin həllini axtarmaq bir tərəfə. Paytaxtın bu xoşagəlməz mənzərəsini qəlizləşdirən səbəblərə keçid alaq. Birinci növbədə dayanma-durma qaydalarının pozulması, avtomobillərin düzgün park edilməməsi, nəhayət, zəncirin son halqası - parklama yerlərinin azlığı və qiymətlərin bahalığı. Elə sürücülər də parklama yerlərinin azlığından, bu azmış kimi, addımbaşı qarşılarına çıxan qadağanedici nişanların çoxluğundan şikayətçidir: “Problem ondadır ki, nəyə görə mən hər gün parklamaya 2 manat pul verməliyəm. Parklamanı salıb binanın altına, gedirsən, 1 dəqiqəlik girirsən, 2 manat verirsən. Dübarə, yolun kənarında saxlayıb kimisə düşürmək istəyirsən, onda da kamera 20 manat cərimə yazır. Paytaxtdakı parklama yerləri yetərli qədər deyil”.

“Azərbaycan “Dayanma-durma qadağandır!” işarəsinə görə bəlkə də dünyada birinci yerdədir. Hara baxırsan, bu işarəni qoyublar. Heç yerdə dayanmaq olmur. Şəkər xəstəsiyəm. Dayanıb 1 stəkan su almaq istəyirəm, amma maşını saxlamağa yer tapa bilmirəm. Dayanan kimi ya arxadan, ya qarşıdan, ya da əllərində planşet, qaçıb, adamı çəkirlər. Tıxacların yaranma səbəbi parkinqlərin olmamasıdır”.

“Artıq elə bir vəziyyətə gəlib ki, göydən kamera ilə çəkirlər. Maşın 1 saniyə dayanan kimi cərimələyirlər. Hazırda bununla bağlı 4 cəriməm var. Nəyə görə ödəməliyəm? Mən taksi sürücüsüyəm. 1 dəqiqəlik dayanıb, müştərimi götürmək istəyirəm. Həmin 1 dəqiqəyə də icazə vermirlər. Belə şey ola bilər?”


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev nəqliyyat vasitələrinin istənilən yerdə park edilməsinin düzgün olmadığını bildirdi: “Sürücülər bilməlidir ki, nəqliyyat vasitəsini hər yerdə saxlamaq olmaz. Çox yanlış olaraq bizim insanlarda belə bir təsəvvür var ki, əgər hər hansı bir iaşə obyektinə, alış-veriş mərkəzinə, restorana gedirlərsə, mütləq şəkildə nəqliyyat vasitəsini onun qarşısında saxlamalı, onun qarşısında park etməlidirlər. Bu çox yanlış bir mövqedir. Bizim məqsədimiz şəhərimizi daha çox piyada yönümlü, piyadalar üçün əlçatan etməkdir. Dünyanın inkişaf etmiş əksər ölkələrinin praktikalarına nəzər salsaq görərik ki, onların şəhərlərinin, xüsusən də paytaxt şəhərlərinin inkişafı əlçatanlıq səviyyəsi ilə, nəqliyyat sistemi ilə ölçülür”.

Piyadalar isə onlar üçün nəzərdə tutulmuş səkilərdə avtomobillərini park edən sürücülərdən şikayətçidir: “Piyadalara heç bir şərait yaratmırlar, əksinə, gediş-gəlişə mane olurlar. Əlil arabasında olan şəxslər də normal hərəkət edə bilmir. Ciddi qayda pozuntusu hesab edirəm”.

“Əvvəla şəhərin gözəlliyinə xələl gətirir. O yollarda qoca gedir, cavan gedir. O maşınları oradan elə götürərəm ki, o sürücülər maşınlarını ikinci dəfə orada saxlamaz”.

“Gediş-gəlişə maneçilik törədir. Çünki biz keçmək istəyəndə maşınlar bizim qabağımızda dayanır. Məcburən keçə bilmirik. Kənar yoldan keçmək istəyirik. Oradan keçəndə də polislər bizə cərimə yazır. Və yaxud da həyatımızı təhlükəyə atmış oluruq”.

Piyadalar üçün nəzərdə tutulmuş səkilərdə qanunsuz park edən sürücülərə cərimələndiyini deyən BNA nümayəndəsi bu sahədə təbliğat işlərinin də aparıldığını bildirdi.

Söz əmələ çevrilməlidir. Təəssüf, kameralarımıza düşən kadrlar bunun əksini təsdiqləyir.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın