13:11 23 Yanvar 2021 159
Ana səhifə Xəbərlər

Plastik torbalardan imtina edə biləcəyikmi? - ARAŞDIRMA

Bütün dünya plastik məhsulların istifadəsindən aktiv şəkildə imtina edir və bunun da obyektiv səbəbləri var. Belə ki, okeanlarda olan tullantıların 70%-i məhz plastik tullantıların payına düşür. Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsullar isə Avropa çimərliklərində olan tullantıların yarısını təşkil edir. Ekspertlər deyir ki, plastik torbalar təbiətdə uzun müddət qala bilir və digər tullantılardan daha təhlükəli olur.

APA TV-nin məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən ölkəmizdə də bu ilin yanvar ayının 1-dən etibarən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə cərimələrin tətbiq edilməsinə başlanılıb.

Paytaxt sakinləri də qadağalardan xəbərdardır. Lakin bir çox alış-veriş mərkəzlərində bu qaydalara əməl edilmədiyini deyirlər: “Qadağalardan xəbərimiz var, bəli. Ancaq nə edə bilərik, verirlər, biz də götürürük. Tövsiyəm bu olar ki, istifadə etməsinlər. Bu cür iri torbalar çox problem olmaz. Əsas kiçik torbalar təhlükəlidir. Plastik qablardan, qaşıqlardı, stəkanlardı istifadə eləmirik. Çünki zərərlidir”.

Qərara edilən dəyişikliyə əsasən, 2021-ci il iyul ayının 1-dən etibarən polietilen torbalarla yanaşı, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların satışına, eləcə də istehsalına da cərimələr tətbiq olunacaq.

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranovun sözlərinə görə, tətbiq edilən qadağalar polietilen torbaların və plastik məhsulların məişətdə və ya şəxsi təşəbbüslə istifadəsinə şamil edilmir: “Qeyd edilməlidir ki, qadağalar 15 mikronadək qalınlığı olan polietilen torbalara şamil edilir. Bu isə o deməkdir ki, 15 mikrondan artıq olan hər hansı polietilen torbaların həm ticarət, həm iaşə müəssisələrində istifadə olunmasına qadağa yoxdur. Eyni zamanda, qanunvericilikdə qadağa yalnız polietilen torbalarla bağlı müəyyən olunmuşdur. Yəni qalınlığından asılı olmayaraq digər polietilen məhsullara hazırda hər hansı məhdudiyyət yoxdur”.

Xamis Seyranov onu qeyd etdi ki, hazırda qanunvericiliyin müddəalarının tətbiqi ilə bağlı olaraq İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlarla bilavasitə müəyyən təbliğat işləri həyata keçirilib: “Plastik məhsulların istehsalçıları və iri ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilərək qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb. Mövcud tələblərə riayət edilmənin əhəmiyyəti və vacibliyi bildirilib. Sosial şəbəkələr və Kütləvi İnformasiya Vasitələri (KİV) ilə qanunvericiliyin tələbləri ilə bağlı sahibkarlara ümumi çağırışlar edilib. Dövlət xidməti tərəfindən həmin məhsulların idxalı ilə məşğul olan şəxslərə sms bildiriş vasitəsi ilə qanunvericiliyin tələbləri bildirilib”.

Qeyd edək ki, 15 mikronadək qalınlığı olan polietilen torbaların və plastik qabların satışı, istehsalı və ölkəyə istehlak halı aşkarlanarsa inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın