18:04 04 İyul 2020 564
Ana səhifə Xəbərlər

Polis Qazaxda nişan mərasimini yarımçıq dayandırdı – KARANTİNİ POZANLAR CƏRİMƏLƏNDİ

Qazaxda polis karantin qaydalarını pozub kütləvi məclis təşkil edən şəxsləri saxlayıb.


APA TV-nin qərb bürosunun xəbərinə görə, Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranların birində nişan mərasimin keçirilməsi barədə məlumat daxil olub.


Dərhal polis əməkdaşları hadisə yerinə gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və qonaqları şöbəyə gətiriblər. Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvvəllər məhkum olunmuş Tahir Novruzov ilə razılığa gələrək, restoranda nişan mərasimi təşkil ediblər.
Qazax RPŞ-nin rəis müavini Şakir Rüstəmovun sözlərinə görə, ölkə ərazisində tətbiq olunan karantin rejiminə zidd olaraq nişan mərasimi keçirilib: “Dərhal polis əməkdaşları restorana gedərək məclisi dayandırıb. İştirakçıları və restoranın sahibini Qazax Rayon Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla məlum olub ki vətəndaş Muradov Tahir restoran sahibi Tahir Novruzovla qabaqcadan əvvəlcədən razılığa gələrək, nişan mərasiminin təşkilini razılaşıblar”.


Razılıq əsasında obyekt sahibi məclis sahibi Tahir Muradovu əmin edib ki, heç bir qanun pozuntusundan söhbət gedə bilməz: “Mən ona dəfələrlə dedim gələrlər, cərimələyərlər. Qonaqların yanında utanaram, ölərəm, xəcalət çəkərəm. Dedi, heç bir cərimədən söhbət belə gedə bilməz. Rəsmi icazə almışam. Mən burada nə edirəm ki, cərimə olunam. Olsa da, mən ödəyəcəm”.


Digər məclis sahibi Yusif Novruzov da məsuliyyəti restoran müdirinin üzərinə atıb: “Problem yoxdur, hamısı mənlikdir dedi. İkinci dəfə qudam ora gedib. O da deyib ki bir narazılıq yoxdur. Hamısından icazəsini almışam. 50 nəfərə kimi məsafə saxlamaqla otura bilərsiz”.
Obyekt sahibi Tahir Novruzov bu kimi halın qanun pozuntusu olmasından xəbərsiz olduğunu və əməlindən peşman olduğunu deyib: “Mən bilirdim çayçı, kafe işləyə bilər. 5 nəfər aralı oturmaqla icazə verilir. Ancaq mən bilmədim ki, belə bir şey qadağandır. Toy, nişan, ad günü və ya belə şeylər. İndi də bunu etdiyimə görə peşmanam. Bundan sonra olmayacaq”.


Araşdırmalardan sonra 15 nəfər məclis iştirakçısı inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

Restoran sahibi Tahir Novruzov barəsində isə toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Fuad Nazimoglu
APA TV
Qazax

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın