16:02 14 Yanvar 2020 293
Ana səhifə Xəbərlər

Prezident: “Gömrük-keçid məntəqələrində kobudluğa yol vermək olmaz”

“Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək”.

APA TV-nin məlumatına görə, bunu yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, gömrük-keçid məntəqələri ilə bağlı verilən tapşırıqlar icra edilir: “Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır”.

Prezident İlham Əliyev onu da bildirib ki, Dövlət Sərhəd Xidməti ilə birlikdə bu sahədə də həm vətəndaşlar arasında, həm də işçilər arasında maarifləndirmə işləri aparılmalıdır: “Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlara, həm xarici vətəndaşlara kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər, xarici qonaqlar da”.

“Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır” deyən prezident onu da bildirib ki, bu tarazlığı təmin etmək üçün daha da fəal işləmək lazımdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın