16:02 14 Sentyabr 2020 207
Ana səhifə Xəbərlər

Prezident İlham Əliyev Əmircanda məktəb və parkın açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

APA TV xəbər verir ki, dövlət başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoydu.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verildi.

Bildirildi ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilmişdi. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək.

Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlayıb və bu ilin avqust ayında başa çatdırılıb. Yeni binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, informatika kabineti, kitabxana, bufet və idman zalı var. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb.

Qeyd edək ki, bu təhsil ocağının şərəfli həyat yolu, hər bir məktəbli üçün nümunə olan Albert Aqarunovun adını daşıması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir.

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib.

Prezident İlham Əliyev parkın açılışında iştirak edib.

Dövlət başçısı məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda görülən işlər və yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş “7 Qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın