19:11 29 Oktyabr 2020 134
Ana səhifə Xəbərlər

Prezident işğaldan azad olunmuş ərazilərlə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.

APA TV xəbər verir ki, fərmanda bildirilir:

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.

3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın