20:40 09 Oktyabr 2019 37
Ana səhifə Xəbərlər

Prezident “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev kompleksdə yaradılan şərait barədə məlumat veriblər.

Təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub.

Burda inşa olunan məktəb 780 şagird yerlikdir. Uşaq bağçasında isə 220 balaca tərbiyə olunacaq.

“Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

Kompleksdə 1, 2, 3 və 4 otaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.

Sonra dövlət başçısı və Birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar.

Prezident İlham Əliyev və Birinci Vitse-prezident ailə üzvləri ilə görüşüb, söhbət ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın