19:29 01 Mart 2021 103
Ana səhifə Xəbərlər

Prezident və birinci xanım bir neçə obyektin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

APA TV xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər.

Məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basdı.

Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsdi.

Qeyd edək ki, yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bu istiqamətdə atılan addımlar Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun həyata keçirilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılan vaxtdan bu günədək keçən 7 il ərzində 18 yeni gəmi istismara verilib. Son bir ilin pandemiya şəraitində keçdiyini nəzərə alsaq, dövlətimizin başçısının davamlı inkişafa yönələn iqtisadi strategiyasının miqyası daha aydın nəzərə çarpar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etdilər.

Dövlətimizin başçısına və birinci xanıma “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verildi. Bildirildi ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basdı.

Diqqətə çatdırıldı ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirildi ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.

Xatırladaq ki, bu gəmilərin hazırlanması əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətindən əldə etdiyi mənfəət hesabına maliyyələşir. Bununla da yerli bazara sərmayə yatırılmaqla, səhmdarı dövlət olan müəssisə kimi Azərbaycanda yerli gəmi tikintisi sənayesinin inkişafına və yeni iş yerlərinin yaranmasına töhfə verilir.

“Ro-Pax” tipli gəmilərin uzunluğu təxminən 155 metr, eni 18 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. Hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 13 bərə və 6 Ro-Ro tipli gəmilər həyata keçirir. Onların hamısı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına məxsusdur və QSC bu gün Xəzərdə yeganə bərə operatorudur. Beləliklə, “Ro-Pax” tipli gəmi-bərələrin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcəyi, Azərbaycanın coğrafi mövqeyindən və tranzit potensialından daha səmərəli istifadəyə xidmət edəcəyi proqnozlaşdırılır.

Martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin də açılışı olub.

Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin əməyi nəticəsində nadir layihə ərsəyə gəlib. Muzeyə gələn ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Məsələn, oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.

Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edəcəklər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar. Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir.

Tanker-muzeydə, həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alıb. Muzeydə ümummilli lider Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi misilsiz xidmətləri haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən infomonitor var.

Maraqlı eksponatlarla zəngin tanker-muzey postpandemiya dövründə turistlərin ən çox üz tutacağı məkanlardan olacaqdır.

Dövlətimizin başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi.

Bildirildi ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi yaradılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı da olub.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, müasir texnoloji sistemlərlə təchiz olunmuş binada beynəlxalq tələblərə cavab verən lokal informasiya texnologiyaları infrastrukturu, videokonfrans və rabitə sistemləri yaradılıb.

Burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran “Üç əsrin şahidi” adlı muzey də yerləşir. Bu muzeyin yaradılmasında əsas məqsəd Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üç əsrə şahidlik edən şanlı tarixini bir araya gətirərək nümayiş etdirmək, tarixi eksponat və sənədləri konservasiya etmək və rəqəmsal formata çevirərək gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarətdir. Binanın inşası zamanı həm eksteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın