16:21 01 Mart 2021 58
Ana səhifə Xəbərlər

Prezident və birinci xanım bir sıra açılışlarda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

APA TV xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər.

Məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basdı.

Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsdi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etdilər.

Dövlət başçısına və birinci xanıma “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verildi. Bildirildi ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basdı.

Diqqətə çatdırıldı ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirildi ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.

Bakıda həmçinin “Suraxanı” tanker-muzeyin açılışı olub.

Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

Dövlət başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi. Bildirildi ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib.

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yeni inzibati bina ilə tanış olan dövlət başçısına məlumat verildi ki, burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran “Üç əsrin şahidi” adlı muzey də yerləşir. Binanın inşası zamanı həm eksteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Müasir texnoloji sistemlərlə təchiz olunmuş binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın