12:44 08 Avqust 2020 2194
Ana səhifə Xəbərlər

Prezidentin köməkçisi: “Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur”

“Qaydalara əməl edilsə, daha çox yumuşalmalara getmək mümkün olacaq”

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, virusa yoluxma sürətini azaltmaq üçün əsas şərt karantin qaydalarına əməl etməkdir: “Bəzi insanlar yumşalmaları cəmiyyətdə qələbə, virusa yoluxmanın başa çatması kimi qələmə verir. Hətta artıq dünyada karantin rejiminin olmadığını iddia edənlər var. Bu çox yanlışdır. Həmin insanlara internetdə kiçik araşdırma aparmağı tövsiyə edirəm. Bütün dünyada virusa qarşı mübarizə aparılır. Bu virus hələ də bizim aramızdadır. Azərbaycan Prezidenti də o gün keçirdiyi iclasda hamımızın karantindən yorulduğunu dedi. Amma biz bu qaydalara riayət etməklə bugünkü statistikaya nail ola bilmişik. Ona görə də hamımız qaydalara riayət etməliyik”.

Prezidentin köməkçisi bu gün baş nazirin rəhbərliyi ilə keçiriləcək iclasda qaydalara nəzarətlə bağlı çox ciddi tapşırıqlar veriləcəyini qeyd edib: “Növbəti həftə atılacaq addımlarla bağlı da dünən qərar açıqlanıb. Addımlar tədricən həyata keçirilir. Bu addımların həyata keçirilməsi bir çox digər ölkələrin təcrübəsinə uyğundur. Açılma nəticəsində virusa yoluxma riski artır. Bu bütün ölkələrdə narahatlıq doğurur. Bütün bunları nəzərə alaraq Azərbaycanda addım-addım yumşalmalara gedəcəyik. Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Bizim qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısını almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu, ən vacib məsələdir. Bu hər birimizdən asılıdır. Qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulan qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq. Bunun yükü hökumətin üstünə düşür. Bu gün Baş nazirin başçılığı ilə böyük iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıqlar veriləcək. Üçüncü virusa yoluxanları tez aşkar etməkdir”.

Prezidentin köməkçisi onu da qeyd edib ki, növbəti həftələrdə yəni avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə bildirib ki, bütün dünya yoluxmanın az olmasını baxmayaraq, yeni yoluxmalara hazırlaşır. O bildirib ki, son həftələrdə Azərbaycanda yoluxanların sayı sağalanların sayından az olur: “Ölənlərin sayında da azalma müşahidə edilir. Bu, həkimlərin, tibb işçilərinin də fəaliyyətindən asılıdır. Daha çox qarşıdakı həftələrdə baş verəcək hadisələrə diqqət edək. Biz problemə gözümüzü yummaqla problem həll olunmayacaq. Bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların sayının az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır. Biz bu gün açılışlara gedirik. Bu o deməkdir ki, qapalı sahələrdə bütün qaydalara riayət etməliyik. Bunun məsuliyyəti sahibkarların və bizim üzərimizə düşür. Bakının bu gün bütün yerlərində parklar var. Çalışaq eyni məkanlarda toplanmayaq. Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azaldacaq. Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma təcrübə göstərir ki, yaxın insanlar bir yerə toplaşanda xəstəliyin yayılması baş verir. Ona görə də mərhələ-mərhələ açılışlara getməliyik. Amma çalışaq, qaydalara riayət edək. Bunu etməsək, istəməsək də, bu baş verəcək. Yoluxmanın artmasını həkimlər və tibb işçiləri də istəmir. Onlar bu sərt rejimdə işləməkdən yorulublar”.

Brifinqdə toyların keçirilməsi məsələsi də müzakirə edilib. İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib ki, toylarla bağlı qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. O bildirib ki, bununla yanaşı, dövlət mütəmadi sahibkarlarla görüşür: “Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.

Nazir müavini vurğulayıb ki, ikinci mərhələdə də sahibkarlara dəstək göstəriləcək. Onun sözlərinə görə, maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun 1 aylıq maaşı həcmində dəstək göstəriləcək: “170 minə yaxın fərdi mikrosahibkara da dəstək göstərilib. İkinci mərhələdə də bu sahibkarlara dəstək göstəriləcək. Eyni zamanda, avqust ayında ehtiyacı olan sahibkarlara müraciət etməsi üçün müraciət etmişik. Sahibkarlıq subyektlərinin rəsmi əməkhaqqısına uyğun ödənişlər edirik. Orada qeyri-rəsmi işçi olubsa sistemdə görünmür”.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın