13:59 16 Yanvar 2021 41
Ana səhifə Xəbərlər

Prezidentin köməkçisi: “Vaksinlərin ilk partiyası artıq Azərbaycandadır”

Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib.

APA TV-nin məlumatına görə, bunu, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq tibb işçilərinə vaksin vurulacaq”.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib və vaksinlər adətən, iki mərhələdə vurulur: “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək”.

Konfransda COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları açıqlanıb.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayevin sözlərinə görə, COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə 1-ci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət əhatə olunacaq: “2-ci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu və 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər olacaq”.

Qeyd edək ki, koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın