02:00 26 Noyabr 2019 591
Ana səhifə Xəbərlər

Bakıda yeganə meyit yandırma sobası: ondan istifadə edilirmi? - REPORTAJ

Vəfat etmiş insanı yandırmaq...

Bəzi dünya xalqları tərəfindən ölən şəxslə dini görüş və mifik təfəkkürə uyğun icra edilən vida mərasimi...


Bu adətin məcburiyyətdən formalaşdığı da istisna deyil. Söhbət yaşayış yerindən, həyat tərzindən gedir. İstənilən halda, bir sıra xalqların ənənələrində bunun müxtəlif izahları var.

Kremasiya - yəni meyitin yandırılması hələ qədim dövrlərdən mövcud imiş. Bu, Homerin "İliada" əsərində də öz əksini tapır. Sonrakı dövrlərdə - daha çox Asiya ölkələrində insan öləndən sonra meyitini yandırıb külünü ya çaya tökür, ya da torpağa gömürdülər. Yandırılmış cəsədin külünü evində saxlayan insanlar da var.


Kremasiyanın ən çox yayıldığı ölkələrdən biri adı çəkilən coğrafiyada yerləşən Hindistandır. Hinduizmə sitayiş edənlər ruhun yanan meyitdən təmizlənərək çıxdığını iddia edir.

Bu üsul Azərbaycanda yaşayan xalqların dini inancına, adət-ənənəsinə xas olmasa da, ölkəmizdə də kremasiya sobası var. Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski deyir ki, bu soba məşhur rus cərrahı, Bakı Dövlət Universitetinin (BDU) ilk rektoru Vasili Razumovskinin təşəbbüsü ilə inşa olunub. Amma tikildiyi kimi də qalıb. Ötən əsrin 70-ci illərində tələbələrin üzərində təcrübə keçdiyi meyit qalıqları xüsusi nəzarət altında kimsəsizlər qəbiristanlığında basdırılıb. Bu, vaxt itkisi olduğundan, istifadəsiz qalan sobaya ehtiyac yaranıb: “1953-cü ildə artıq soba yararsız vəziyyətə düşmüş, sobanın kərpicləri partlamağa başlamışdı. 2 il əvvəl rektordan xahiş etdik ki, sobanı və ümumilikdə meyit saxlanılan yerləri təmir etməyə kömək etsin. O da xahişimizi yerinə yetirdi və bu gün soba fəaliyyət göstərir, bütün mərtəbə isə təmir olunub”.

Hazırda kremasiya sobası yalnız üzərində təcrübə aparılan meyit qalıqlarını yandırmaq üçün istifadə olunur.

“Mütəxəssislər deyir ki, bu sobalar müxtəlif ölçülərdə olur. Bu sobada hissələrə ayrılmış formada dörd meyiti yandırmaq mümkündür”.

“Sobaların qiyməti də müxtəlif olur. 70-80 min dollara başa gələn yeni sobalar var ki, elektrik enerjisi ilə işləyir. Bizim istifadə etdiyimiz soba qazla işləyir”.

Yanma prosesi zamanı atmosferə zərərli qazların qarışmaması üçün sobaya xüsusi borular quraşdırılıb. Bu borular vasitəsilə əvvəlcə yerin altına ötürülən tüstü, sonra havaya buraxılır. Məqsəd ekoloji təmizliyi qorumaqdır: “Xaricdə yaşayan bir oğlan bizdən xahiş etmişdi ki, atasının meyitini yandıraq, külünü ona verək. O zaman soba işləmirdi. Onun istəyini yerinə yetirə bilmədik. Ümumilikdə isə bu sobalar tabutun bütöv halda qoyulub yandırılması üçün kiçikdir. Hesab edirəm ki, gələcəkdə bu sobalara tələbat artacaq. Çünki qəbiristanlıqlarda yerlər azalıb”.

Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. İslam dini isə meyitin yandırılmasını nəinki qəbul etmir, hətta şəriətə görə, bu, böyük günah sayılır: “Dinimizdə ölən insan torpağa tapşırılmalıdır. Bu, vacib əməl hesab edilir. Hətta ölmüş bir insanı tabuta qoyub saxlayırlarsa, yaxud o cür dəfn edirlərsə, bu, qəbul olunmazdır. Çünki İslam dinində meyitə qüsl verib kəfənləmək, ondan sonra dəfn etmək lazımdır. Əgər müsəlmanlar bunu etmirsə, günahkar hesab olunurlar”.

Dini yanaşmalar müxtəlif fikirlər ortaya qoyur. Bir inanca görə, bu normal, digərinə görə isə günah sayılır. Maraqlı burasıdır ki, insanın öldükdən sonra meyitinin torpağa tapşırılması da, yandırılıb külünün hansısa çaya tökülməsi də o biri dünyaya köçməsi anlamına gəlir. Bu yerdə isə Molla Nəsrəddinin maraqlı bir sözü yada düşür. Tabutun harasında gedirsən, get, amma çalış, içində getmə...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın