11:20 13 Noyabr 2019 497
Ana səhifə Xəbərlər

Bakıda küçədən keçənlərə hücum edən 2 şəxs tutuldu

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və insanlara hücum edən şəxslər müəyyən olunaraq saxlanılıb.

APA TV-nin məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Noyabrın 12-də axşam saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Xidmətinə məlumat daxil olub. Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinə (PB) gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib.

Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın