16:40 09 Dekabr 2019 512
Ana səhifə Xəbərlər

Qafqazın Mesopotomiyası, Azərbaycanın venası, unudulan şahlıq məkanı - SUQOVUŞANDAN - REPORTAJ

Bir xalq mahnısında deyildiyi kimi, Arazın Kürə bənd olduğu, qovuşduğu yer - Suqovuşan. Qədim Cavad xanlığından yalnız Cavad kəndi kimi yadda qalan ərazi. Çoxdan, lap çoxdan unudulub buralar... Biz yada salmaq istədik.

Hazırda biz Azərbaycanın ən böyük çayları - Kür və Arazın qovuşduğu ərazidə - Suqovuşandayıq. Ərazinin özünəməxsus füsunkar gözəlliyi, flora və faunası var. Məhz bu cəhəti onu turistlər üçün cəlbedici edir. Bircə qalır yerli və xarici investorların əraziyə yatırım etməsi.

Bəli, sərmayə yatırılarsa Kür və Arazın qovuşuğunda “cənnət” yaratmaq olar. Qafqazın iki böyük çayının - Araz və Kürün birləşdiyi ərazinin qayğıya ehtiyacı var.

Dünya iqtisadiyyatının ən gəlirli sahələrindən olan turizmi Azərbaycanın hər bir guşəsində canlandırmaq, yaratmaq olar. Qızmar, qumsal səhralarda yaradılan ərəb turizmindən nəyi kəmdir buraların? İstirahət üçün gözəl təbiəti, təmiz havası... Biz təbiətdən əsirgəsək də, təbiət bizdən heç nə əsirgəməyib:

Sabirabad rayon Tarix-Diyarşünasliq Muzeyinin direktoru Şükufə Əsgərova deyir ki, burda turizm üçün gözəl imkan var və şərait də yaratmaq olar: “Cavad kəndinin dadlı qaymağı, pendiri, tutması, ayranı olur. Xanımlar ətirli fətirlər yayır, təndir çörəkləri bişirir. Belə mətbəx nümunələrindən gələn turistlərə daddırmaq olar. Cavadın doğramacı qonaqlara həmişə təqdim olunur. O doğramacdan heç yerdə yoxdur. Camış qatığının içərisinə çörəyi, fətiri, yuxa doğranır, 1-2 saat saxlanır, yeyəndə ləzzətli olur”.

Adını da qoyaq kənd turizmi. Kiçik motellər, iaşə obyektləri, balıq ovu... Pisdir bəyəm? Attraksion və sair əyləncə yerləri yaratmaq da olar. Kənd də canlanar, iş yerləri də açılar, qonaq-qara da ki...

Tarixi baxımdan da bu ərazinin böyük əhəmiyyəti var. Cavad xanlığına xəyali ekskurs etmək üçün müxtəlif eksponatları nümayiş etdirmək, hətta Quba xanlığı muzeyi açmaq olar: “Xanlıqlar dövründə Cavad xanlıq olub. Həsən xan Quba xanlığına tabe olub. Cavad xanlığı xanlıqlar işərisində tanınan yer olub. Adətən yaşayış məskənləri çay sahillərində salınır. Ona görə də burda əhalinin sıxlığı müşahidə olunub. Məhz Cavad adı bu baxımdan mənbələrdə şəhər kimi göstərilir. Hazırda Cavad rayonumuzun ən zəngin, ən qədim və ən gözəl kəndidir. Buranın əhalisi vaxt ilə də sənətkarlıqla məşğul olub”.

Cavad kəndi vaxtı ilə şəhər olub və mənbələrdə 9-cu əsrdə adı çəkilir. Hətta Nadir şah burda özünü şah elan eləyib. Şah Abbas bu yerlərdən keçib, öz qoşunlarını Ərdəbildən Şamaxıya aparıb, Kürün üzərindən körpü salıb.

Azərbaycanda hər şəhərin, hər rayonun, hər kəndin abadlaşdırılması paytaxtdakı demoqrafik sıxlığın seyrəlməsi deməkdir. Şükufə Əsgərovanın sözlərinə görə, səyyahlar bura səfər edib: “Cavad şəhərində ən qədim və orta əsrlər yaşayış məskənlərindən biri Şəhirgah adlanır. Ordan tapılan arxeoloji tapıntılar muzeydə nümayiş olunur, saxlanılır və qorunur. Eyni zamanda bu bölgə vaxtı ilə rusların da sıx yaşadığı ərazi olub. Yəni çarizmin siyasəti ilə əlaqədar bura 1868-ci ildə xeyli rus köçürülüb. Demək olar ki, əhalinin 90 faizini ruslar təşkil edib və rus məişəti də bura öz təsirini göstərib”.

Bura mistik bir yer kimi də tanınır. Niyyət tutub kimi sevgisinə, kimi yaxınına - itkisinə qovuşmaq üçün gəlir Suqovuşana... İki çayın qovuşduğu yerdə arzularına çatacağına inanır.

Elə “Böyük dayaq” filminin sonunda - Qaraş və Mayanın barışdığı an da məhz Suqovuşanın görüntüləri ilə canlandırılır.

Belə... Ayrılırıq Suqovuşandan. Amma Suqovuşanın da arzusu - qovuşmaq istədiyi var. Canlanmaq istəyir buralar. Bunu isə yalnız insan əli ilə yaratmaq olar. Vətənin hər qarışını, hər yerini öz doğma evi bilən insanın əli ilə...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın