18:00 20 Fevral 2018 618
Ana səhifə Xəbərlər

Qapımızı "Vətən"in yetirmələri qoruyacaq - REPORTAJ

Onlar peşəkar futbolçu olmaq istəyir. Daha doğrusu, qapıçı. Gələcəkdə start heyətdə ən böyük məsuliyyət onların üzərinə düşəcək. Əgər məşqlərdə əzmlə çalışsalar, məqsəd uğrunda dayanmadan addımlasalar.

Hələlik hər şey yaxşıdır. Bu uşaqlar məşqlərə həvəslə gəlir. "Vətən" futbol klubunda isə onlara hər cür şərait yaradılıb. Baş məşqçi Xəyal Zeynalov deyir ki, uşaqlara həm nəzəri dərslər keçirilir, həm də təcrübə öyrədilir: "Vətən" futbol məktəbi Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir. Əsasən gənc istedadların üzə çıxarılmasına önəm veririk. Onların içində də mütləq qapıçılar olmalıdır. Biz mütəmadi olaraq öz yaş qruplarımızda həm meydançada, həm meydançadan kənarda nəzəri dərslər keçiririk. Bu gün isə yeni təşəbbüslə çıxış edirik. Dərslərə Azərbaycan Premyer Liqasında çıxış edən qapıçıları dəvət etmişik ki, uşaqlara stimul olsun. İstəyirik uşaqlar hansı yolla gedəcəklərini bilsinlər. Düzdür, xarici futbolçulardan nümunə göstəririk. Öz qapıçılarımıza baxıb inkişaf etmək üçün düzgün bir yoldur".

"Keşlə" klubunun qapıçısı Orxan Sadıqlı bu təşəbbüsü alqışlayır: "Bizim vaxtımızda belə şeylər olmayıb. Biz sadəcə klubun akademiyasında yetişib gəlmişik. Sevindirici haldır ki, bu uşaqlar indidən bu şəkildə yetişir. İnternet vasitəsilə hər şeyi izləyirlər. Baxdıq, içlərində yaxşı uşaqlar var. Hər şey özlərindən asılıdır. Ümid edirik, yaxşı qapıçı olarlar".


"Kəpəz" klubunun qapıçısı Tərlan Qasımzadə də hesab edir ki, bu cür seminarların futbola xeyri çoxdur: "Uşaqlara uğurlar arzulayıram".

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev də gənc futbolçularla təcrübəsini sevə-sevə bölüşür: "Hər şey sizin özünüzdən asılıdır. Özünüzə güvənin, özünüzə inanın, özünüzdən razı olmayın. Başınızı salın, işinizi görün. Məqsədinizə çatacaqsınız. Bu qədər qapıçını mən bir yerdə görməmişəm. Bizim dövrümüzdə belə şey yox idi. Həvəs əsasdır. Həvəslə işə girişin".


"Vətən" futbol klubunun baş məşqçisi Xəyal Zeynalov deyir ki, bu Azərbaycanda ilkdir: "Bizdən başqa heç bir klubda, məktəbdə sırf qapıçılarla məşğul olmurlar. Seçmələr aparırıq, yeni uşaqlar üzə çıxarırıq. İstəyirik qapıçılar öz peşələrinin sirlərini bilsin".

Qeyd edək ki, "Vətən" futbol klubunun yetirmələri artıq müxtəlif yaş qrupları üzrə milli komandalarımızın qapısını qoruyur.

Müəllif | Apa.Tv

Elvin Bayramlı

Kodu kopyalayın