07:20 02 Mart 2020 325
Ana səhifə Xəbərlər

Qarabağ döyüşçüsü olan dülgər: “İlk əl işim Füzulidə qaldı”

Müasir dünyada hər kəsin bir peşəsi, bir sənəti var. İnsanlar kimi peşələr də, sənətlər də müxtəlifdir. Elə sənət növləri də var ki, onlar tarixin yaddaşına qovuşmağın bir addımlığındadır. Eynən dülgərlik sənəti kimi...

APA TV-nin məlumatına görə, bu sənəti ölməyə qoymayan şəxslərdən biri də Füzuli rayonundan məcburi köçkün düşmüş, hazırda Bakıda yaşayan 62 yaşlı Çingiz Məmmədovdur.

40 ildən çoxdur dülgərliklə məşğul olan qəhrəmanımız mismardan istifadə etmədən müxtəlif ağac növlərindən olan taxtaları bir-birinə toxuyaraq, milli ornamentlərə uyğun suvenirlər və bəzək əşyaları hazırlayır. Onda bu sahəyə maraq uşaqlıqdan yaranıb: “Mən bu işlə demək olar ki, 42 ildir məşğulam. 1974-cü ildən dülgərlik edirəm. Bu işi sevmişəm, bəyənmişəm və öz cəhdlərimlə işləmişəm. Azərbaycanda nə qədər milli suvenirlər var, hamısından hazırlamışam. Milli mədəniyyətimizə daxil olan qalalar, məscidlər, bizim Qərbi Azərbaycanda dağıdılmış tarixi abidlərimiz, karvansaralarımızın hamısının maketini milli formada düzəldirəm və satışa verirəm”.

Qarabağ döyüşlərinin də iştirakçısı olan həmsöhbətimiz bildirir ki, 46 il öncə hazırladığı ilk suvenir – buta qabı hazırda işğal altında olan Füzuli rayonunun Şəkərcik kəndində qalıb. Amma Çingiz Məmmədov Bakıya gələrkən kənddə öz sənəti üçün hazırladığı xammalı gətirə bilib. Elə burda hazırladığı suvenirlərin bir çoxu da həmin materialdan hazırlanıb: “Mən rayondan çıxanda tut ağaclarından hazırlanmış xammal materialın bir hissəsini özümlə gətirdim. Bu milli suvenir – qızıl qabı Qarabağdan gətirdiyim tut ağacındandır. Mən Füzulidə olanda buta qablar, xonça qabları, milli ornamentli pəncərələr hazırlayırdım. Onların demək olar ki, hamısı yandırılıb, dağıdılıb. Onlardan heç bir nümunə qalmayıb”.

Müsahibimiz dülgərlik məhsullarına daha çox turistlərin maraq göstərdiyini deyir. Bu səbəbdən də əsasən tarixi abidələrimizin maketlərini kiçik suvenirlər formasında hazırlamağa üstünlük verir: “Taxta üzərində xalça naxışlarının salınması xırda detallarla həyata keçirilir. Belə suvenirlər xırda detallarla toxunduğuna görə turistlər ən çox bu məhsullara üstünlük verirlər. Bizim Qarabağ, Şəki, Naxçıvan xalçalarının naxışlarını götürüb, taxtalar üzərində işləyirəm. Xarici turist bu suvenirlərə baxanda hər iki tərəfdən xalça kimi görünür. Ona görə də turistlər belə suvenirlərə çox üstünlük verirlər”.

Çingiz Məmmədov düşünür ki, bu yolla həm qazanc əldə edir, həm də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində az da olsa, iş görür. O, hətta hazırladığı hər bir suvenirin arxasına “Qarabağ” sözünü yazmağı da unutmur: “Əsas məqsədim qalalar, məscidlər, körpülər və karvansaraların maketini düzəldib xaricə çıxarmaqdır. Qarabağda bizim qalalarımız var, Şuşa qalası var. Həm də mənim loqom “Qarabağ – Xarı bülbül – Azərbaycan” adlanır. Mənim hazırladığım bütün məhsulların üstündə bu loqo var. Bu məhsulların əksəriyyəti xarici turistlərə satılır. Bununla qismən olsa da, öz Qarabağımın, Azərbaycanımın mədəniyyətini xarici ölkələrdə tanıtmağa nail oluram”.

Dülgərlik sənətinin çətin, bir o qədər də maraqlı olduğunu deyən həmsöhbətimiz suvenirlərin hazırlanmasında müxtəlif materiallardan istifadə edir. Dediyinə görə, hazırladığı suvenirlərdə hələ bir dəfə də olsun, mismardan istifadə etməyib: “Xammalı satışdan alıram. Əsasən cökə, fıstıq, şam ağaclarının materialından istifadə edirəm. Ümumilikdə isə bütün növ taxtalardan istifadə edirəm. Hər ağac növündən hazırlanmış taxtanın müxtəlif rəngləri olur. Mən taxtaları əsasən bir-birinə toxuyuram. Nə oyma, nə bəzək çəkmədən istifadə edirəm. Taxtaları xırda detallarla xalça naxışı kimi toxuyuram”.

Qeyd edək ki, Çingiz Məmmədov hazırladığı müxtəlif suvenirlərlə ölkəmizi 50-dən çox beynəlxalq sərgidə təmsil edib.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın