01:20 09 Oktyabr 2019 30
Ana səhifə Xəbərlər

Qarabağ qazisi: “Bunu heç kəsə arzulamıram”

Qəhrəmanım həmyaşıdımdır. Cəbhədə dəfələrlə ölümlə üzləşib. Müharibə veteranıdır, Qarabağ döyüşlərində kontuziya alıb. Uzun müddət 2 saylı Psixiatrik Kliniki Xəstəxanada müalicə alıb. Müalicələrdən sonra səhhəti yaxşılaşıb, amma bir müddət sonra yenidən ağırlaşıb və o, yenə ölümlə üz-üzə qalıb. Bu dəfə söhbət intihara cəhddən gedir.


Ağdam şəhərindən məcburi köçkün olan müsahibimiz ailəlidir, 3 övladı var. “Övladlarıma baxanda intihara cəhd etdiyim üçün özümü qınayıram” deyir. Yaşamaq üçün mübariz olmağın vacibliyini vurğulayır: “Anlaqsız vəziyyətdə olaraq intihara cəhd etmişəm. Bu, ailə qurmamışdan əvvəl olub. Amma bunu heç kimə arzulamıram. Yuxum ərşə çəkilmişdi elə bil, gecə damarlarımı da o an kəsmişəm. Başımda qəlpə qırıqları var. Həmin vaxt dəfələrlə güclü zərblə başımı daşa vurmuşdum. Evdən kənarda eləmişəm bunları, gecə saat 4 radələrində, səhər isə o vəziyyətdə yaşadığım ünvana qayıtmışdım. İndi də epilepsiya xəstəliyinin ən ağır epizodu xəstəliyindən əziyyət çəkirəm”.

O, hazırda üçüncü qrup əlildir. Binəqədi rayonundakı yataqxanalardan birində, 1 otaqlı mənzildə 3 övladı ilə birgə məskunlaşıb. Anasına da özü baxır. Həyatında müsbətə doğru bəzi dəyişikliklərə mübarizə ilə nail olduğunu deyən müsahibimizin ən böyük təsəllisi canı qədər sevdiyi övladlarıdır: “Bilirsiniz, intihar dində də qadağandır. Allahdan ümid kəsilməz. Bir də özünə qəsd etməyə dəyməz. Hər kəsə bir qardaş tövsiyəm var: böyüklərinə qulaq assınlar, əqidələri olsun. İnsanın öz yolu, öz düşüncəsi olmalıdır. İnsan mübarizə aparmağı bacarmalıdır. Ruh düşkünlüyünə qapanmaq qətiyyən olmaz, daim hərəkətdə olmaq lazımdır. Həyat eşqini sönməyə qoymasınlar”.

Araşdırmalar göstərir ki, daha çox sağalmaz xəstəliyi olan, o cümlədən ruhi xəstələr, ailə üzvlərinin vəfatından depressiya keçirən, narkomaniyaya düçar olmuş, ali məktəbə daxil ola bilməyən şəxslər intihar yolunu seçir. Bura bəzi hallarda məcburi evləndirmə, ailə münaqişəsi, maddi durumun ağır olması, hətta internetdən asılılıq səbəbləri daxildir.

Klinik psixoloq Leyla Məmmədova hesab edir ki, insanlar bəzən yaşantılarını bildirmir, yəni göründükləri kimi ola bilmirlər. Gülər üzlü, pozitiv bir insan bəzən daxilən elə sarsıntılar keçirə bilər ki, qarşıdakılar nə bunu görə, nə də anlaya bilər: “Elə insanlar var ki, onlar təbiətən güclü xarakterə malik olur. Amma elə insanlar da var ki, onlara kömək etmək vacibdir. Hətta ən güclü iradəyə malik insanlara bəzən dəstək lazımdır, onları dinləmək, onlara dayaq olmaq lazımdır. Bunun üçün insanların müxtəlif psixoloji treninqlərə cəlb olunması onları düşdüyü depressiv vəziyyətdən çıxara bilər. Bu treninqlərdə onlara sual veririk ki, əgər siz istədiyiniz işlə, peşə və yaxud sənətlə məşğul olsanız, bu həddə çatardınızmı?”

Leyla Məmmədova deyir ki, hər şeyin yaxşı olacağına ümid etmək, inanmaq hissi insanlara ən çətin məqamlarda aşılanmalıdır: “Siz yaxşısınız, siz hər şeyin öhdəsindən gələcəksiniz demək lazımdır. Onun ətrafında pozitiv bir mühit yaratmaq gərəkdir. Bəzən valideynlər həm də bilməyərəkdən uşaqlarına “səndə bu alınmadı, alınmayacaqdı, mən bunu sənə əvvəlcədən demişdim” kimi xatırlatmalar edir. Bütün bunlar da hələ gənclik dövründən insanda kompleks, özünə güvənməmək hissi yaradır. “Güclü insandır” deyib keçmək də olmaz. İnsanları zəif və güclü siniflərə bölməyin əleyhinəyəm. İnsanlar müxtəlif xarakterdədirlər, onlara uyğun davranış tərzi seçilməlidir”.

İlahiyyatçı alim Hacı Şahin Həsənli deyir ki, dinimizin birmənalı olaraq qadağan etdiyi əməllərdən biri intihardır: “İntihar heç bir vəchlə qəbul edilən əməl deyil. Quranda buyurulur ki, özünüzü öldürməyin. İnsanın özünə qəsd etməsi axirətdə ən böyük əzaba düçar olması ilə nəticələnir. Allahın bizə bəxş etdiyi ən böyük nemətlərdən biri həyatıdır. İnsan həyatın şükürünü yerinə yetirmək üçün onu yaşamalıdır. Həyatı problemləri və sıxıntıları ilə sevmək lazımdır. Çünki həyatda qarşılaşdığımız çətinliklər bizi təkmilləşdirir. Hərdən həyatdan gözləntilərimiz çox olur”.

Hacı Şahin deyir ki, bəzən gözləntilər özünü doğrultmayanda insanlar intihara əl atır: “İntihardan sığortalanmağın tək yolu hələ lap yeniyetməlik dövründən insanlarda həyat haqqında düzgün təsəvvürlərin formalaşdırılmasıdır. Həm də cəmiyyət, məktəb, ailə insanı həyata, yaşamağa hazırlamalıdır. Həyatın sərt qayda-qanunları ilə bağlı xəbərdar etməlidir. Biz bəzən bütün arzuların həyata keçməsi, heç bir sıxıntı, çətinlik görməmək üçün dua edirik. Düşünürəm ki, bunlar yanlış dualardır. Həyat bizim istəklərimizi tam ödəmək gücündə deyil”.

Vəkillər Kollegiyasının üzvü, vəkil İlqar Məmmədov qeyd edib ki, intihar psixoloji məqamdır və özünü ölüm həddinə çatdırmaya görə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılır: “Yəni şəxsi özünü öldürmək həddinə çatdıran səbəb hər hansı bir fiziki şəxsin əməlləri deyilsə, artıq orda cinayətdən söhbət gedə bilməz. Həmin əməllər mütəmadi xarakter daşımalıdır. Hər hansı bir fiziki şəxsin digər şəxsə qarşı amansız rəftarı, onun şərəf və ləyaqətini alçaltması bir dəfə olursa, mütəmadi xarakter daşımırsa, bu, cinayət tərkibli deyil. Əgər şəxsin maddi durumunun aşağı olması, sosial problemlərlə qarşılaşması hər hansı bir şəxsin ona törətdiyi cinayət əməllərinin nəticəsi deyilsə, burda cinayətdən söhbət gedə bilməz”.

Unutmayaq - həyat mübarizədir! Bütün çətinliklərinə və problemlərinə baxmayaraq, yaşamaq çox gözəldir...

Sevinc Vaqifqızı, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın