11:02 16 Noyabr 2020 209
Ana səhifə Xəbərlər

Qarabağ zəfəri milli kinomuza necə təsir göstərəcək? - ARAŞDIRMA

Qəliz, bir o qədər vacib olan 122 yaşlı milli kinomuz bu müddət ərzində neçə-neçə bəşəri mövzulara, sosial problemlərə, saymaqla bitməyən insan talelərinə işıq salıb. Tarixi hadisələrə şahidlik edən Azərbaycan kinosunun ana xətlərindən biri də heç şübhəsiz ki, müharibə mövzusudur.

İstər II Dünya müharibəsi, istərsə də I Qarabağ müharibəsi zamanı lentə alınmış yüzlərlə müharibə filmləri Azərbaycan tamaşaçısının bu mövzudan kasadlıq yaşamasına imkan verməyib.

I Qarabağ müharibəsi demişkən... 1990-cı illərdə o dövrün tələbi ilə “Fəryad”, ”Ağ atlı oğlan” və Qarabağ münaqişəsindən bəhs edən bunun kimi onlarla film çəkilsə də, həmin kinolar Azərbaycan tamaşaçısı üçün hər zaman bir nisgil, ağrı-acı, Qarabağ həsrəti ifadə edib.

2020-ci il sentyabrın 27-də Ermənistana qarşı başlatdığımız uğurlu əks-hücum əməliyyatlarından sonra 44 gün ərzində düşməni məğlub edib işğal altında olan torpaqlarımızı azad etməyimiz Qarabağ həsrətimizin bitməsi ilə nəticələndi. Sözlərlə ifadə edə bilməyəcəyimiz bu möhtəşəm qələbəmizi milli kinomuzda necə təsvir olunacağını indidən təsəvvür etmək olduqca çətindir. Amma bu dəqiqdir ki, müzəffər Ordumuzun Şuşa zəfərindən, Qarabağ qələbəsindən, əsgərlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən neçə-neçə bədii və sənədli filmlər çəkmək olar.

Bəs görəsən, kinematoqraflar bu barədə nə düşünür?

Əsasən sənədli müharibə filmlərinin rejissoru kimi ad çıxarmış Tahir Tahiroviç deyir ki, Qarabağ zəfərini bütün dünyaya çatdırmaq üçün kinematoqrafların üzərinə böyük məsuliyyət düşün. Onun sözlərinə görə, bu mövzuda bədii filmlərlə yanaşı sənədli filmlərə də üstünlük verilməlidir: “Bu son 2 ay ərzində müharibədə baş verən hadisələr təbii ki, Azərbaycan kinosuna da sirayət edəcəkdir. Təbii ki, bu məsələlərdə diqqətli olmaq lazımdır. Burada poetikadan bir qədər uzaq durmaq lazımdır. Maraqlı mövzular tapmaq lazımdır. Vacib deyil ki, biz o kinolarda top-tüfəng, tank göstərək. Məsələn, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək” kimi filmlərimizdə döyüş səhnələri yoxdur. Amma müharibənin törətdiyi fəsadları, müharibənin içində baş verən hadisələri kinematoqraflar ustalıqla ekrana gətirib. Sənədli filmlər çəkən rejissorlardan da maraqlı işlər gözləmək lazımdır. Çünki müharibənin özü bədiilikdən daha çox xronikallığı sevir”.

Tahir Tahiroviç deyir ki, hazırda ölkəmizdə istedadlı gənc ssenarist və rejissorlarımız var və Qarabağ qələbəsindən bəhs edən filmlərin çəkilməsində həmin gənclərə də şans verilməlidir: “Azərbaycanda yetərincə yaxşı ssenaristlərimiz, rejissorlarımız var. Ələlxüsus bu sahədə gəncləri xüsusi vurğulamaq lazımdır. 25-30 yaşında istedadlı ssenarist və rejissorlarımız çoxdur. Mən deyərdim ki, Azərbaycan kinosu yaxın 3-5 il ərzində Qarabağ mövzusunda olan məsələləri, tematik mövzuları bu cavan rejissor və ssenaristlərə etibar etməlidir. Müharibənin elə tematikasına, elə yerinə toxunmalıyıq ki, beynəlxalq səviyyədə digər ölkələrin də bizim müharibədəki qələbəmizə marağı artsın”.

Bir sıra müharibə filmlərinin ssenari müəllifi kimi şöhrət qazanmış Orxan Fikrətoğlu isə bildirir ki, Qarabağ zəfərindən sonra lentə alınacaq müharibə filmləri vahid milli ideoloji xəttə söykənməlidir: “Qalib əsgər obrazı tamam fərqli obrazdır. Təbii ki, burada təfəkkür fərqlidir. Artıq biz məsələyə qalibiyyət baxış bucağından baxacağıq. Qalibiyyət tamam başqa bir reallıqdır. O qəhrəmanlıq tarixçələri çox tezliklə yaranacaq. Mən əminəm ki, Azərbaycan əsgərinin şücaətində filmlər çəkiləcək. Əminəm ki, təkcə Şuşanın alınmasından 10-15 film çəkiləcək. Çünki Azərbaycan əsgəri orada tarix yazdı və əlbəyaxa döyüşdə Şuşanı aldı. Post-müharibə dönəminə aid olan Azərbaycan əsgərinin tərənnüm olunması, milli ideyaların önə çıxarılması əsas mövzular olmalıdır. Ona görə də məsələ çoxşaxəlidir. Konkret olaraq Kino idarəsi bu məsələdə həqiqətən də system olaraq formalaşdırılacaqsa, dövlət tərəfindən maliyələşəcək bu qurumun işi ancaq ideoloji zəmində filmlər çəkmək olamalıdır”.

Ssenarist deyir ki, növbəti mərhələdə Qarabağ mövzusunda çəkilən müharibə filmlərimizlə beynəlxalq kinofestivallara qatılmalıyıq: “Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, ölkəmizdə yaşayan milli azlıqların, ümumiyyətlə bütün millətlərin vahid ailə şəklində formalaşmasına yönələn filmlər, xilaskar Azərbaycan əsgər kultunun dünyaya çıxarılması vacib məsələlərdəndir. Azərbaycanın əxlaqlı əsgər obrazı gündəmə gətirilməlidir. Burada ideoloji zəmin, bir də dünya kino dili ilə çəkiləcək və beynəlxalq arenaya çıxarılacaq fərdlərdən çəkiləcək filmlərə üstünlük verilməldir”.

Kinorejissor Feyruz Şamıyev də yeni filmlərin çəkiləcəyini deyir: “Biz müharibəni yox, döyüşü uduzmuşduq. Döyüşü uduzmuş bir ordu haqqında film çəkməyin özü belə çətindir. Həm də Azərbaycanın film istehsalçıları buna tam şəkildə hazır deyildilər. Mən düşünürəm ki, bundan sonra bu mövzuda yeni səpkili filmlər ortaya çıxacaqdır. 2020-ci ildən sonra bizim çəkəcəyimiz filmlər daha çox vətənpərvərlik mövzuları olmaqla yanaşı, qalibiyyət mesajları da ötürməlidir. Azərbaycan Ordusunun işğaldan azad etdiyi rayonların hər birində müxtəlif tipli hadisələr olubdu. Bu dövrdə müxtəlif qəhrəmanlar yetişdi. Məsəl üçün Müdafiə Nazirliyinin yaydığı videolar da hiss olunur ki, əsgərlərimiz necə qəhrəmanlıqlar göstəriblər”.

Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi qəhrəmanlıq nümunələrini 80-90 dəqiqəlik bir filmə sığışdırmaq təbii ki, mümkünsüzdür. Bu əzəmətli qələbəmiz üçün yüzlərlə, bəlkə minlərlə bədii və sənədli filmlər lentə alınsa belə azdır.

Müzəffər Azərbaycan əsgəri öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Qaldı Azərbaycan kinematoqrafının bu möhtəşəm qələbəni ekranlaşdırıb gələcək nəsillərə ötürməsi...

Bunun üçün ölkəmizdə kifayət qədər istedadlı rejissorlar, ssenaristlər, aktyor heyəti var. Bircə qalır işə başlamaq...

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

Faiq Həsənov,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın