08:40 27 Fevral 2018 458
Ana səhifə Xəbərlər

Qarabağda ilin ilk çərşənbəsi - REPORTAJ

Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbəsinin ilk müjdəçisi, ilk qaranquşu Su çərşənbəsidir. Su çərşənbəsinə el arasında Əzəl çərşənbə, Novruz çərşənbəsi və Gül çərşənbəsi də deyilir.

Su həyat mənbəyidir, su müqəddəsdir. Su çərşənbəsinin gəlişi ilə bolluq, bərəkət və firavanlıq rəmzi sayılan Novruz bayramının nəfəsi duyulmaqdadır.

İsgəndərovlar ailəsi Ağdam rayonunun Çəmənli kəndində yaşayır. Evin xanımı Ziyafət İsgəndərova cəbhə kəndində yaşamasına baxmayaraq, Novruz adət-ənənələrini ta qədimdə olduğu kimi keçirməyə çalışdıqlarını deyir: "Çox sevinirdik bayramın gəlişinə. Ta uşaqlıqda hamı hazırlaşırdı. Əvvəl bu qonşuda, sonra o qonşuda yığışıb bütün şirniyyatları - şəkərbura, paxlava, qoğal bişirirdik".

Təzə ilin başlanğıcında qadınların görəcəyi iş az deyil. Köhnə ilin, yəni qışın hisli-paslı çirkindən qurtulmaq üçün qollarını çırmalayıb təmizlik işinə başlayarlar. Evin tavanı, qapı-pəncərəsi silinər, mitillər yuyulub təmizlənər. Bir sözlə, məişətdə işlənən və yuyula biləcək hər şey suya verilib durulanar və təmizlənər: "Anam evi tökərdi çölə, bütün pal-paltar yuyulardı. İndi o artezian quyuları yoxdur, indi müasirlikdi. İndi hamının həyətində kranı, suyu var, amma yenə həmin qayda ilə palaz-paltarımızı yuyuruq".

İnanclara görə, Novruz çərşənbələrini necə qarşılasan, növbəti ili o cür başa vurarsan. Elə bu səbəbdən hər kəs bayram çərşənbələrində uzaqda olan qohum-əqrəba ilə də bayramlaşır. Ən vacibi isə kənd məzarlığına gedib dünyasını dəyişən əzizlərini ziyarət etməkdir. Cəbhə kəndlərində məzarlıqlar erməni mövqelərinə yaxın olduğu üçün bu ziyarət bir az təhlükəli olur. Amma hər şeyə rəğmən, onlar öz doğmalarını mütləq ziyarət edir: "Qadınlarda, uşaqlarda qorxu, həyəcan olsa da, kişilərimiz, oğullarımız qorxmaz, mərddir. Biz erməni ilə üz-üzəyik, təmas xəttindəyik. Bayramdan qabaq yığışıb gedib ölülərimizi ziyarət edirik".

Səməni Novruz simvollarının ən öndə gələnidir. Buğda cücərməsi üçün Su çərşənbəsində qablara tökülər və Bahar bayramına kimi qulluq edilər. Səməni yaxşı cücərib boy atsa, məhsul bol olacaq deməkdir.

Su çərşənbəsi həm də torpaq adamına bir xəbərdarlıqdır. Ağacların dibi şumlanır, tumurcuq müşahidə olunmayan budaqlar doğranaraq budanır. Təsərrüfatla məşğul olan kəndli bağ-bağçasına, əkin sahələrinə ilk yaz suyunu vurur: "Dədə-babadan bizim kənd ənənələri, Azərbaycanın ənənələri həyətləri təmizləyib, ağacları budayıb sulamaqdır. Axı ağacların oyanan vaxtıdır".

Təzə ilin ilk dörd çərşənbənin dördündə də gün boyu bütün işlərin bitdiyini xəbər verən çərşənbə tonqalı qalanar. Ailə üzvləri niyyət tutub tonqalın üzərindən tullanar. Özü də yeddi dəfə. Hərə ya bir tonqalın üstündən yeddi dəfə, ya da yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmalıdır. Daha sonra kimisi ailə üzvləri ilə, kimisi qonşu və ya qohumlarla birgə süfrə arxasına toplaşar. Deyər, gülər, şadyanalıq edər. Çərşənbə gününün səhəri isə axşam yandırılan çərşənbə tonqalının külünü toplayıb axar su ilə axıtmaq çox vacibdir. Bu da tonqalda qalan dərd-sərin su ilə axıb gedəcəyinə inancdan doğar.

Su çərşənbəniz mübarək!

Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın