08:00 24 Sentyabr 2019 66
Ana səhifə Xəbərlər

Qəbiristanlıqlara yaxın yaşamağın fəsadları – ARAŞDIRMA

Qəbiristanlıqlar bəşər tarixini qismən də olsa, özündə əks etdirir. Hələ ibtidai icma quruluşu zamanı ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Həmin dövrlərdə geniş məzarlıqlar mövcud olmayıb. Orta əsrlərdə taun, vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində meyitlərin insanların yaşadığı ərazilərdən kənarda dəfn edilməsinə başlandı. Xəstəlik təhlükəsi səbəbindən hətta bəzi cəsədlər yeraltı katakombalara yerləşdirilirdi.

Ölkəmizdə vaxtilə bu kimi adətlər olsa da, sonralar qəbiristanlıqlar yaşayış yerlərindən tamamilə kənarda salındı. Paytaxtımızda yerləşən bir sıra qəbiristanlıqlar da vaxtilə yaşayış evlərindən tamamilə uzaqda salınırdı. Lakin əhalinin sayı artdıqca, xüsusən paytaxt Bakıda torpaq çatışmazlığı yaranmağa başladı. Bu səbəbdən yaşayış evləri getdikcə məzarlıqların yanında salındı. Təbii ki, qeyri-qanuni şəkildə.


Belə deməyimizə əsas verən şərt isə Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə 4 dekabr 2018-ci il 522 saylı qərarıdır. Qərarda deyilir ki, qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdən ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərti ilə ayrılır. Eyni zamanda bura şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektləri də daxildir.

Bununla yanaşı, bağlı elan olunan qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra məzarlıqlarla yaşayış məntəqəsi arasındakı məsafə Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər. Xırdalan qəbiristanlığında isə məzarlarla evlərin arası təxminən 10 metrdən az olar.


Qanunda o da vurğulanılır ki, layihələndirilən və mövcud qəbiristanlıqların 300 metrliyində içməli su təchizatı qurğularının tikintisinə də yol verilmir. Patoloq Camal Musayevin fikrincə isə, meyitlərdən infeksiyalar o zaman yayıla bilər ki, şəxs əlində əlcək olmadan HİV, Hepatit B və Hepatit C, taun, vəba kimi xəstəliklərin daşıyıcısı olan meyitlə birbaşa təmasda olsun: “Meyit qazlarından zəhərlənmə mümkündür. Meyitlər çürüyən zaman “Kadaverin” və “Putressin” dediyimiz qazlar xaric olur. Bu zaman həmin o qazlar insan orqanizmi ilə yüksək dozada qarşılaşarsa, o zaman həmin insanlar yoluxa bilər. Bu meyitlərin müayinəsi zamanı insanlar qapalı şəkildə həmin qazların olduğu yerdə olarsa, bu zaman yoluxma halları mövcuddur”.

Bəs görəsən, qanunda ehtiva edildiyi kimi, meyitlərin basdırıldığı ərazidə qrunt suları və içməli su hövzələri olarsa, yoluxma riski nə qədər yüksəkdir?

Camal Musayev deyir ki, çürümə məhsulları həmin sulara qarışarsa və həmin su təmizlənmədən və ya qaynadılmadan içilərsə, bu zaman ciddi təhlükədir. Nəzərə alsaq ki, ölən şəxslərin orqanizmində yoluxucu xəstəliklər - xüsusi təhlükəli bağırsaq bakteriyaları və ya yoluxucu xəstəliklər varsa, bu, həmin su hövzələri vasitəsilə asanlıqla yayılar.

Psixoloqlar Aida Nəbiyeva da hesab edir ki, insanların qəbiristanlığın yanında yaşaması onların psixologiyasına mənfi təsir edir. Məzarlığa qəm-kədər və ya ağlaşma məkanı kimi baxmamaq, qəbiristanlıq haqqında neqativ fikirləri unudub, insanlara müsbət fikirlər aşılamaq lazımdır. Amma bir şərtlə: “Burada olan neqativ ab-havanı uşaqlar görür və eşidir. Həmin evlərdə böyüyən uşaqların psixologiyasına baxanda, görərik ki, onlarda özlərinə qapanma, yuxuda qorxma, aqressiv davranma halları müşahidə edilir. Eyni zamanda insanlarda ruhlar haqqında müxtəlif fikirlər formalaşır. Hətta yaşlılarda ölüm qorxusu və həssaslıq müşahidə olunur”.

Bəs məsələyə din xadimlərinin münasibəti necədir? İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay deyir ki, qəbiristanlıqlar xalqın mənəvi dəyərlərinin olduğu yerlərdən biridir. Hədislərdə qeyd olunur ki, qəbiristanlıqları ziyarət edin, onlar sizin axirətinizi yada salır. Yəni qəbiristanlıqlara getmək insanlarda qəmin, kədərin dağılmasına səbəb olur: “Qəbiristanlıq yaşayış yerlərindən kənarda olmalıdır. Həm əxlaqi, ictimai, həm də elmi baxımdan bu vacibdir. Qəbiristanlıqlar vəqf olunmuş yerlərdir. Həmin yerlərdə yaşayış obyektlərinin olması məqsədəuyğun deyil. Bəzən qəbiristanlıqlarda meyitlər dayaz şəkildə basdırılır, o zaman meyit çürüdükcə pis qoxu gəlir. Əslində bu, insanlarda xəstəliyə gəlib çıxarır. Ona görə uzaq yerdə olması məqsədəuyğundur”.

Din xadimləri deyir ki, qəbiristanlıq həm də ruhların rahatlıq tapdığı yerdir. Unutmayaq ki, Süleymana qalmayan dünya heç kimə qalmır. Bizim sağlamlığımız həm də övladlarımızın sağlamlığı deməkdir. Gəlin, ilk növbədə sağlamlığımızı qoruyaq ki, gələcək nəsillər bizə rəhmət oxusun!

İlahə Vəliyeva,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın