14:00 03 Dekabr 2019 132
Ana səhifə Xəbərlər

Qədim əlyazmalar necə bərpa olunur? – REAL GÖRÜNTÜLƏR

Məşhur alman alimi Qoltfrid Vilhelm Leybnits kitabxanaları “kitablarda cəmlənən insan fikrinin xəzinəsi” adlandırıb. Ərəblər kitaba bir xəzinə kimi münasibət bəsləyib, qədim romalılar kitabı dibi görünməyən bir dərya ilə müqayisə ediblər. Qədim rus alimləri isə kitabxanaları torpağa həyat verən, aşıb daşan bir çaya bənzədiblər.

Hazırda bəzi kitabxana fondlarında müxtəlif tarixi dövrlərə aid qiymətli ədəbiyyat nümunələri saxlanılır. Belə sənədlərin mühafizəsi və bərpası müasir kitabxanaşünaslığın aktual problemlərindən biridir. Hazırda ölkəmizdə tarixi kitabların bərpası ilə AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutu nəzdində Gigiyena və bərpa laboratoriyası məşğul olur.

Laboratoriyanın müdiri Zaur Orucov deyir ki, kitablar üzərində aparılan bərpa işi kitabın xüsusiyyətinə görə dəyişir. Elə kitablar var ki, onların bərpası olduqca mürəkkəb prosesdir. Bu proses bəzən beş-altı ay, bəzən isə bir ilə kimi uzana bilir. Bərpa edilən hissələr yavaş-yavaş quruyur. Eyni proses bir neçə gün təkrar olunur. Vərəqin qalın və nazik olması da bərpa prosesinə təsir edən amillərdən biridir.

İş təcrübəsində qarşılaşdığı problemlərdən danışan müsahibimiz deyir ki, məşhur İran tarixçisi Mirxondun bir əlyazmasının təkcə cildinin bərpası 6 aya başa gəlib: “Qədimdə kitablar hazırlanarkən tut ağacının liftlərindən və çətənə kolundan istifadə olunub. Bu kağızlar çox möhkəm olur və bu zaman bərpası da rahat olur. Amma elə kağızlar var ki, məsələn, Təbriz istehsalı olan xəşəbi adlanan kağızlar elə bərpa zamanı özü qırılır. Yeri gəlmişkən, deyim ki, xəşəbi kağızlar odun yonqarlarından hazırlanır və keyfiyyəti o qədər də qənaətbəxş hesab edilmir”.

Mütəxəssis qeyd edib ki, bərpa prosesinin qızıl qaydaları var: burada sürət anlayışı yoxdur. Kitabları bərpa edən şəxsdən ilk növbədə səbir və dözüm tələb olunur. Təbii ki, məsuliyyət də öz yerində: “Hazırda burda bərpa prosesi gedir, naqis olan hissələri əslinə uyğun olaraq bərpa etməyə çalışırıq. Əgər əvvəldə olan kağızlar bu kitabın strukturuna uyğun gəlirsə, o zaman həmin hissələrə toxunmuruq. Yalnız ehtiyac olan zaman əlavələr edirik. Çalışırıq əsəri “yormayaq”. Çünki əsər bərpaya gələndə saxlanıldığı temperaturdan çıxıb başqa mühitə düşür. Bununla yanaşı, kitabın bərpası zamanı ona vurulan su yapışqanlardan istifadə olunanda da əsər “yorulur””.

İstifadə edilən kağızlara gəldikdə, bu vasitələr Yaponiyadan gətirilir. Yapışqanlar isə Almaniya məhsuludur.

Zaur Orucov qədimdə tarixi kitabların yazılması zamanı müxtəlif üsullardan istifadə edildiyini deyir. 19-cu əsrə qədərki əlyazmalarda yazıların haşiyəsində saf qızıldan istifadə olunub. Lakin 19-cu əsrdən başlayaraq qızılın tərkibinə başqa maddələr qatılıb. Bu zaman baş verən oksidləşmə reaksiyası nəticəsində kitabın həmin hissələri çürüyüb. Bu isə bərpa prosesini daha da çətinləşdirir. Çünki çürümüş hissələrdə yazıların bərpası mümkünsüzdür.

Ömrünün 45 ilini bu sahəyə həsr edən Dilarə Qambay deyir ki, fəaliyyətə başladığı ilk illərdə müxtəlif xarici ölkələrdə təcrübə keçib. Qazandığı biliklərin sayəsində bu gün ən qiymətli tarixi əsərlərin bərpasını asanlıqla həyata keçirə bilir. Elə dahi Nizami Gəncəvinin “Xəmsə”sinin bərpası da ona həvalə edilib: “İki dəfə o kitabı bərpa etmişəm. Hər dəfə istifadəçilər o kitabdan istifadə edəndə vərəqlər korlanır. Əslində çox çətin işdir”.

Laboratoriyada bərpa edilmiş ən qiymətli əsərlərdən söz düşmüşkən, qeyd edək ki, İbn Sinanın 1141-ci ildə tiblə bağlı yazılmış “Əl-qanun fit-tibb” əsəri və Qurani-Kərimin nadir nüsxəsi də burada bərpa edilib.

Qədim kitablar, arxiv materialları deyəndə, ilk ağıla gələn həm də bu kitabların özünəməxsus qoxusunun olmasıdır. Ömründə cəmi bir dəfə, bir necə dəqiqəliyə də olsa, bu kitabların qoxusunu duyan şəxs bu spesifik qoxunu həyatı boyu unuda bilmir. Sözügedən qoxu isə müxtəlif həşəratlara qarşı kitablara vurulan xüsusi dərman maddələrinin qoxusudur. Mütəxəssislər hesab edir ki, kitabların qorunmasına müsbət təsir edən bu maddələr bərpaçıların həyatı üçün ciddi təhlükədir: “O dərman canlıları məhv edən bir maddədir. İnsan orqanizminə də mənfi təsir edir. Bununla yanaşı, uzun illər kitab arasında qalan kitab tozları, mürəkkəbin kimyəvi tərkibi və s. bu kimi maddələr bərpaçının tənəffüs sisteminə daxil olur və nəticədə öz mənfi təsirini göstərir”.

Mənəvi sərvətlər hər bir millətin, xalqın "şəxsiyyət vəsiqəsi", mənəvi "pasportu", onun milli mədəniyyətinin səviyyəsini təyin edən göstəricidir. Bu sərvətləri vaxtında qoruyaq ki, gələcək nəsillərə düzgün şəkildə ötürə bilək…

İlahə Vəliyeva,

Xəyal Şükürlü,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın