20:44 30 İyun 2020 2352
Ana səhifə Xəbərlər

Qərargah: Xüsusi karantin rejimi daha 2 həftə uzadıla bilər

“Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”

APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər. Bunun üçün isə ölkələrin qarşılıqlı razılığı olmalıdır.

O, həmçinin qeyd edib ki, Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır: “5 iyula qədər Azərbaycanda xüsusi karantin rejimi uzadılıb. Xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var”.

Prezidentin köməkçisi həmçinin bildirib ki, koronavirusa yoluxmuş şəxslərin ev şəraitində müalicəsi də nəzərdən keçirilir: “Xüsusi karantin rejiminin tətbiqi ilə bərabər ev şəraitində müalicə olunanlarla bağlı xüsusi paketlərin hazırlanması nəzərdən keçirilir”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildirib ki, koronavirusa yoluxmuş və ev şəraitində müalicə alan xəstələrin dərman təchizatı təmin olunacaq: “Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz və koronavirusun yüngül əlamətləri olan şəxslər üçün nəzərdə tutulur. Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması nəzərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə qeyd edib ki, yaxın günlərdə laborator testlərin aparılması üçün ölkəyə yeni avadanlıqlar gətiriləcək: “Klinik simptomlu şəxsləri, yoluxanlarla təmasda olanları və xaricdən gələnləri test edirik. 23 laboratoriya bu testləri aparır. Testlərin cavabının gecikməsi yox, yoluxanların sayının və onların təmasda olduğu şəxslərin artması ilə bağlı test sayının artması müşahidə olunur”.

Koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalarda tullantıların daşınmaması ilə bağlı yayılan görüntülərə də münasibət bildirən Yaqut Qarayeva qeyd edib ki, pandemiya xəstəxanalarında yaranan tullantılar xüsusi maşınlarla daşınır. “Cəlilabad Rayon Xəstəxanasında nümayiş olunan tullantılar da daşınmaq üçün yığılmışdı. Bu mənzərənin bir daha təkrar olunmaması üçün bütün tədbirlər görülüb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, qarşıdakı günlərdə koronavirus testlərinin nəticələri e-təbib mobil tətbiqi vasitəsilə açıqlanacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın