18:46 07 Mart 2021 100
Ana səhifə Xəbərlər

Qızı ilə özünün doğum günü üst-üstə düşən şəhid – REPORTAJ

Vətən Müharibəsində torpaqlarımızın müdafiəsinə qalxanlardan biri olan Məzahir Niyaz oğlu Göyüşovun doğum günüdür. 1992-ci ilin mart ayının 7-də dünyaya gəlib Məzahir. Məzahirin ailəsi Xocavəndin Tuğ kəndindəndir. Lakin 1990-cı illərdə ailə Füzuli rayonunun Mircəcanlı kəndinə köçüb, müharibə başlayanda isə Məzahir Beyləqan rayonunda doğulub. Sonra ailə yenidən Füzuliyə qayıtsa da, torpaqların işğal olunması ilə köçkün həyatı yaşayıb. Gizir şəhidimiz ailəli olub və Yağmur adlı bir qız övladı var. Yağmur da şəhid atasının doğulduğu gündə - martın 7-də dünyaya gəlib. Şəhidimizin həyat yoldaşı Arzu xanımın tək arzusu Yağmuru xoşbəxt böyütməkdir.

"Tək istəyim övladımı, yaxşı böyütməkdir, onun adına layiq böyütməkdir. Nə qədər canımda can var, bunun üçün çalışacağam".

44 günlük Vətən Müharibəsində Məzahir və onun döyüş yoldaşları ölümün üzərinə gedərək, canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad etdi, dədə-baba yurdlarımızı əzəli və əbədi sahiblərinə geri qaytardı.

"27-si səhər zəng vurdu ki, ana, məndən nigaran qalmayın. Mən yaxşıyam, siz qorxmursunuz ki!? Sağ olduğu 3-4 gün müddətində bizə təsəlli verdi. Deyirdi, ana, müharibədir, hər şey ola bilər, biz vətəni qoruyuruq, torpağı qoruyuruq. Lakin ayın 30-u biz onun şəhid olduğu xəbərini duyduq".

"Mən bütün şəhidlərlə fəxr edirəm, bizim bacarmadığımızı bacardılar. 30 il idi bizim dağlara göz dağı kimi baxırdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də cansağlığı versin. Prezidentimizin ömrünü uzun eləsin ki, onun “Dəmir yumruğu” ermənilərin başının üstündən əskik olmasın".

Şəhid Məzahir Niyaz oğlu Göyüşov 29 yaşında Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə - 30 sentyabr 2020- ci ildə şəhid olub. Ölümündən sonra "Füzulinin azad olunmağına görə" medalı ilə təltif olunub. Gizir şəhid Xocavənd Rayon İcra Hakimiyyətinin təşəıbbüsü ilə Beyləqan rayonu ərazisində salınan Xocavənd Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin doğum günündə rayon icra hakimiyyətinin nümayəndələri, yaxın qohumları, dostları onun məzarını ziyarət edib. Şəhidin təhsil aldığı Tuğ kənd məktəbinin şagirdləri hazırladıqları bədii kompazisiya ilə çıxış edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın