18:00 23 May 2018 2397
Ana səhifə Xəbərlər

Qızıl, gümüş, bürünc medal, 5000 dollar... - FƏNN OLİMPİADALARININ QALİBLƏRİ

Olimpiada qalibləri... Onlar 19 nəfərdir. Hamısı da eyni orta təhsil müəssisəsinin şagirdləridir. Akademik Zərifə Əliyeva adına liseyin 11 A 3 sinif şagirdi Eliza Məmmədova fənn olimpiadalarında ilk uğurunu 9-cu sinifdə qazanıb:

"İlk uğurumu 9-cu sinifdə qazandım. Tarix üzrə olimpiadanın bürünc mükafatçısı oldum. Ötən il özümü Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən olimpiadada sınadım və gümüş medal sahibi oldum. Bu ildə uğurumu təkrarladım və gümüş medal mükafatçısıyam. Dövlət İmtahan Mərkəzinin keçirdiyi üçüncü qrup üzrə qəbul imtahanlarında 690 bal topladım".

Liseyin 11A2 sinif şagirdi Ayxan Qarayev isə olimpiadanın qızıl mükafatçısıdır:

"Mən bu il keçirilən olimpiadanın qızıl medal mükafatçısıyam . Uğuruma görə ilk öncə müəllimlərimə minnətdaram. Mayın 13-də Dövlət İmtahan Mərkəzinin keçirdiyi ikinci qrup üzrə qəbul imtahanlarında 691 bal toplamışam".

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri bu il də Respublika Fənn Olimpiadalarından uğurlu nəticələrlə qayıdıblar.

Ümumilikdə lisey şagirdləri olimpiadalarda 19 medal qazanıblar. Onlardan 4-ü qızıl, 8-i gümüş, 7-si bürünc medaldır.

Liseyin 10A2 sinif şagirdi Toğrul Hacızadənin fənn olimpiadalarında daha yüksək uğurlara imza atmaq üçün daha bir il imkanı var:

"Fənn olimpiadasında coğrafiya fənni üzrə gümüş medal qazandım. Heç inanmazdım ki, belə nəticə olacaq. Uşaqlardan yaxşı yazdıqca uğurlarıma daha çox inanmağa başlamışam".

Liseyin 11A2 sinif şagirdi Anar Mustafayev coğrafiya fənni üzrə olimpiadada mükafat alıb:

"Akademik Zərifə Əliyeva adına liseyin bir parçası olmağımla qürur duyuram. Olimpiadanın qızıl medal mükafatçısı olmaq arzusunda idim. Amma bürünc mükafat aldım. Bu da böyük uğurdur. Coğrafiya fənninə həmişə marağım olub. Əminəm ki, bu sınaqdan sonra uğurlarımı daha da artıracağam. Qəbul imtahanında 681 bal toplamışam".

Liseyin 11 A 1 sinif şagirdi Toğrul Əzizli də qaliblər cərgəsindədir. Düz üç ildir Respublika Fənn Olimpiadasının iştirakçısıdır:

"Əvvəlki illərdən fərqli olaraq bu il qızıl mükafatçısıyam. Uğuruma görə bütün zəhmət çəkənlərə təşəkkür edirəm. Qəbul imtahanında 645 bal toplamışam. İkinci hədəfim növbəti dəfə qəbul imtahanına qatılıb daha böyük uğur qazanmaqdır".

Köçəri Əsgərov da fənn olimpiadasının bürünc mükafatçısıdır. Deyir ki, irəlidəki illərdə də biliklərini sınamaqdan çəkinməyəcək.

Liseyin uğurları bununla bitmir. Belə ki, şagirdlərin bir neçəsi bu günlərdə Rumıniyada keçirilən "İnfomatriks-2018" Olimpiadasından 1 qızıl, 1 gümüş və 2 bürünc medalla geri dönüblər.

Azər Cabbarlı Rumıniyada keçirilən olimpiadada dostu Kamranla birgə bürünc medal qazanıb. Eltac Allahyarlı isə həmin olimpiadada gümüş medala layiq görülüb.

"Mənim üçün böyük uğurdur. Həqiqətən də çox həyəcanlı idim. Ölkəmizi oxuduğum Akademik Zərifə Əliyeva adına liseylə təmsil etməyin həyəcanını unutmamışam".

Adnan Bünyadov, Əliağa Abdullayev, Fidan İbrahimova isə ABŞ-da keçirilən "İntel-AYSEF" müsabiqəsində UNESCO-nun mükafatının qazanıblar. 80-dən çox ölkədən 2000 təmsilçinin qatıldığı müsabiqədə lisey 3 layihə ilə iştirak edib. Bu layihələrdən "Elm və mühəndislik" layihəsi yüksək sertifikata layiq görülüb.

Ceyla və Cavid Hüseyzadələr bacı-qardaşdırlar. "Sabahın alimləri" müsabiqəsinin qalibləridir. Hər ikisi ABŞ-da "İntel-AYSEF" müsabiqəsində finala kimi çıxmağı bacarıblar.

"Bacımla qatılmışdım. Finala yüksəldik. 5000 min dollar mükafata layiq görüldük".

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva deyir ki, bütün bu uğurların arxasında sevgi dayanır.

"Çox sevindirici haldır. Uşaqlarımızla qürur duyuruq. Biz onları çox sevirik, güvənirik və bu sevgi də bizə uğur qazandırır".

Uğurlarınız davamlı olsun, bu günün istedadları, gələcəyin peşəkar kadrları!

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın