15:33 19 Fevral 2021 270
Ana səhifə Xəbərlər

Qızlar düzü, “Miatsum” çığırtısı və məzar yanında ocaq... - REPORTAJ

Ermənilər 30 ilə yaxın zaman ərzində işğalda saxladıqları Qarabağ ərazisində azərbaycanlılara məxsus tarixi abidələri, qəbiristanlıqları, məscid və türbələri, bütövlükdə xalqımıza məxsus maddi-mədəni irsi demək olar ki, tamamilə məhv ediblər. Salamat qalan abidələr isə ya tövlə kimi istifadə olunub, ya da mənfur düşmənlərimiz tərəfindən mənimsənilib. Eynən yaşı min ildən artıq olan qədim alban məbədləri kimi...

Heç kimə sirr deyil ki, erkən orta əsrlərdə Azərbaycan ərazisi Qafqaz regionunda xristianlığın əsas mərkəzi hesab olunurdu. VII əsrdən İslam dininin Azərbaycana gəlişi ilə regionda xristianlığın təsir dairəsi zəifləyir və İslam dini hegemonluğu ələ keçirir. Qarabağın dağlıq hissəsindəki albanlar isə xristianlığa sadiq qalaraq öz inanclarını qoruyub saxlaya bilirlər.

Bu dövrlərdə Alban Həvari Kisəsi müstəqil katolikosluq kimi fəaliyyət göstərirdi. Ta ki, 1836-cı ilin 10 aprelinə kimi. Həmin gün çar I Nikolayın fərmanı ilə Alban katolikosluğu ləğv edilərək, erməni-qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilib. Elə hər şey də o gündən başlayıb.

Alban katolikosluğunun ləğvini fürsət bilən ermənilər Azərbaycan xalqının sələfi hesab olunan xristian albanları o vaxtdan din pərdəsi adı altında assimilyasiya siyasətinin qurbanına çeviriblər. Bu azmış kimi, Qarabağ ərazisindəki yaşı min ildən artıq olan alban kilsələri də müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə ermənilər tərəfindən mənimsənilib.

Bu siyasətin acı nəticələrini 2020-ci ilin 9 noyabrında işğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndində daha aydın şəkildə görə bilərik. İşğalda qaldığı 30 ilə yaxın müddət ərzində ermənilər Tuğ kəndindəki alban məbədlərinin hər birində öz çirkin əməllərini həyata keçiriblər:

Gördüyünüz bu kilsə qədim alban məbədidir. Bu kənddə yaşayan ermənilər özününküləşdirməyə çalışsalar da, abidənin görkəmindən də bunun alban kilsəsi olduğu görünür. Kənddə başqa kilsə də var. Onun görkəmi daha yaxşıdır və həmin kilsə son illərə kimi fəaliyyət göstərib. Amma bu kilsə işğal illərində fəaliyyət göstərməyib, dağılmış vəziyyətdə qalıb. Hiss olunur ki, bura ara-sıra ibadətə gəlirlərmiş. Bu laqeydlik də onu göstərir ki, bu kilsə erməni kilsəsi olmayıb, alban kilsəsi olub. Əgər kilsənin üzərindəki xaç daşlara fikir versək, görərik ki, bunlar alban xaçlarının quruluşudur.

Müqəddəs Stepanos kilsəsi kəndin şimal-qərb hissəsindəki yüksəklikdə, xristian qəbiristanlığının yaxınlığında yerləşir:

Bu kilsə qalın, enli daşlardan tikilib və bura kilsənin arxa hissəsidir. Burada da xaç işarələri var. Bax, bura isə kilsənin özül hissəsidir. Burada da xaç işarələri var.

Abidənin çox hissəsi torpağın altında qalıb, sol divarının daşlarının isə xeyli hissəsi sökülüb. Abidə ön tərəfdən bir, arxa tərəfdən isə üç kiçik pəncərəyə malikdir. İçəri məhz bu pəncərələr hesabına işıqlanır:

Azərbaycanlılar bu kəndə qayıdandan sonra bu tarixi abidə də bərpa ediləcək və nəinki kilsə yerli sakinləri, başqa ölkələrdən də turistləri özünə cəlb edəcək.

Tuğ sakini Cəmil Bayramov deyir ki, kənddə yaşamış azsaylı ermənilərin heç vaxt kilsəsi olmayıb. Onun sözlərinə görə, uşaq vaxtı ermənilərdən kilsənin üzərindəki yazıları soruşublar və ermənilər həmin yazıları başa düşmədiklərini deyiblər: “Kəndimizdə bunun kimi 4 kilsə var. Bunların hamısı alban kilsələridir. Amma ermənilər bunun özününküləşdirmək istəyirlər. Deyirlər ki, bizim kilsələrdir”.

Həmsöhbətimiz qeyd edib ki, 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ münaqişəsi yeni-yeni alovlanmağa başlayanda bu məbəd ermənilərin öz məkrli planlarını cızdığı əsas məkana çevrilib: “Yığışıb burda iclas edirdilər, plan cızırdılar. Kiçik uşaqları, orta məktəb şagirdlərini bura yığırdılar. 50-60 nəfər yığışırdı bura. Axşam qaranlıq düşən kimi “miatsum-miatsum” deyə-deyə bağırırdılar. “Miatsum” da erməni dilində birləşmək deməkdir. Onlar “miatsum-miatsum” deyəndə biz də gedib Mirmehdi Xəzaninin məzarının yanındakı hündür bir yerdə tonqal qalayırdıq. Biz tonqal qalayandan sonra onlar qorxularından səslərini kəsirdilər. Deyirdilər ki, o, nəyəsə işarədir”.

Müqəddəs Stepanos kilsəsinin XII əsrdə inşa olunduğu iddia olunur. XIX əsrin sonlarına qədər kilsənin giriş qapısının üzərindəki daşda yazı olub və həmin yazıda qeyd edilib ki, 1196-cı (1747-ci) ildə Məlik Yeqan və oğlu Məlik Yesaya kilsənin damını bərpa ediblər.

Müqəddəs Stepanos kilsəsindən təxminən 200 metr yuxarıda, dağın döşündə daha bir alban abidəsi ucalır. Bu məbəd Anapat kilsəsi adlanır. Burada Məlik Bahtamın məzarı yerləşir. Tarixçilər yazırlar ki, kilsənin olduğu ərazidə bir vaxtlar qadın monastırı mövcud imiş. Çox güman ki, bir-birinə yaxın yerləşən kilsələr nə zamansa bu ərazidə mövcud olmuş qadın monastırına daxil imiş. Maraqlı burasıdır ki, xristian qəbiristanlığının yerləşdiyi Tuğun bu hissəsi xalq arasında “Qızlar düzü” kimi də tanınırmış.

Tuğun dağlarından enib kəndin mərkəzində doğru gəlirik. Mərkəzdə yerləşən Müqəddəs İohann kilsəsi bazilika formasındadır. Bu məbəd XIII əsrdə daha qədim bir məbədin üzərində inşa edilib.

Müqəddəs İohann kilsəsi böyük maililiyə malik ərazidə inşa edilib, qərb divarı bütövlükdə qayaya sıxılmış olsa da, şərq divarı tamamilə açıqdır, hətta təməli də görünür. Buna görə də qərb divarında bir, şərq divarında isə üç pəncərə yeri açılıb.

Bu qədim alban abidəsi sovet dövründə klub kimi fəaliyyət göstərib, 30 illik işğal ərzində isə bərpa edilərək erməni kilsəsi kimi istifadə olunub. Təmir zamanı kilsənin daş damı dəmir örtüklə əvəzlənib və konstruksiyaya zəng qülləsi əlavə edilib. Abidənin ərazisində müxtəlif ölçülü və üzəri ornamentlərlə, insan fiqurları ilə bəzənmiş sənduqələr yerləşir.

Kilsənin sol tərəfində tikilmiş dar və uzun sövməədə məlik nəslinə məxsus şəxslər - Məlik Qukas, Məlik Yeqan, Məlik Aram, Məlik Yesaya dəfn olunub.

Tuğun mərkəzindəki sakit guşədə bir neçə qədim tikilinin qalıqları yerləşir. İlk baxışdan bura ermənilər tərəfindən dağıdılmış əraziyə bənzəsə də, Dizaq məliklərinin sarayının qalıqlarıdır. Bir vaxtlar burada məlikin ehtişamlı sarayı ucalırdı.

Ermənilər Dizaq məliklərinin guya alban olduqlarını iddia etdikləri üçün onların bir vaxtlar yaşadıqları sarayın qalıqlarını mühafizə ediblər və bu tarix-memarlıq abidələr kompleksində arxeoloji qazıntı işləri apararaq bir neçə yeni abidə üzə çıxarıblar. Memarlıq abidələrinin qarşısındakı lövhədən erməni işğalı dövründə kompleksin muzeyə çevrildiyi hiss olunur.

Kompleksin uzunluğu 38, eni 13 metrdir, planda düzbucaqlı formaya malikdir. Sarayın şimal və cənub-şərq tərəflərində qala divarlarının perimetrinə çıxan qalın divarların qalıqları var.

1885-ci ildə Tuğda açılmış məktəbin binası da məhz Dizaq məliklərinin saray kompleksinə daxil olan bu binalardan birində fəaliyyət göstərib.

Tuğ kəndində yerləşən, haqqında danışdığımız bu kilsələr Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb. İnanırıq ki, qədim alban yurdu olan Tuğ kənindəki tarixi-mədəni abidələr də işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa işləri çərçivəsində təmir edilərək istər yerli, istər xarici turistləri özünə cəlb edəcək.

Mirmehdi Ağaoğlu,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın