03:20 24 Aprel 2020 543
Ana səhifə Xəbərlər

“Qonşu-qonşu olsa...” 18 ildir davam edən kanalizasiya davası

“Dişin ağrıyır - çək qurtar, qonşun pisdir - köç qurtar”. Nəsimi rayonu Turgenev küçəsi ev 8 ünvanında yaşayan Məlikovlar ailəsi də məhz qonşuları ilə problem yaşayır. Həm də düz 18 ildir.

APA TV-nin məlumatına görə, 50 ildən artıqdır qonşu olmalarına baxmayaraq, qonşular arasında münasibət son 18 ildə daha da pisləşib.

Ailə başçısı Ceyhun Məlikov deyir ki, qonşusunun kanalizasiya xəttində yaranan nasazlıq ona baha başa gəlib. Otaqlara dolan çirkab su ev sahibləri üçün əsl kabusa çevrilib: “Qonşunun həyətindən keçən kanalizasiya borusu zədələnib. Onu da düzəltmək lazımdır. “Azərsu”yun işçiləri gəlirlər düzəltməyə, qonşu icazə vermir. Bir neçə gün əvvəl “Azərsu”yun işçiləri gəlib düzəltmişdilər, suyun qabağı kəsilmişdi. Üstünü bağlamadılar ki, dəqiq bilək ki, problemimiz həll olub, sonra gəlib üstünü bağlayaq. 2 gün su gəlmədi, bu gün gəlib üstün bağladılar, başladı su gəlməyə. Keçdilər o həyətə işləməyə, qonşu dedi, mən sizə icazə vermirəm işləməyin. Başa sala bilmirəm ki, vəziyyətim budur”.

Ceyhun Məlikov deyir ki, qonşusu ilə münasibətləri o qədər pisdir ki, hətta onun ad və soyadını belə bilmir.

Sözügedən evin sahibi bu pis münasibəti təkcə qonşularına deyil, eyni zamanda kanalizasiyanı təmir etmək üçün gələn aidiyyəti qurumun əməkdaşlarına da qarşı göstərir. Ona görə də məsələ bir aydır ki, həllini tapmayıb.

Ceyhun Məlikovun anası İntizar Məlikova deyir ki, zədələnmiş kanalizasiya xətti qonşularının şəxsi mülkü olduğu üçün “Azərsu” ASC-nin əməkdaşları müdaxilə edə bilmir: “O kanalizasiya onun şəxsi kanalizasiyasıdır. Qonşudan icazə alıb o vaxt çəkdirib. Neçə illər bundan qabaq. Mən gələn 50 ildir bu belə olub”.

Uzun müddətdir ki, bu şəxslərlə qonşu olan Məlikovlar ailəsi xoşagəlməz mənzərə ilə 2002-ci ildə də rastlaşıb. Intizar Məlikova deyir ki, zaman dəyişsə də, problem həllini tapmayıb: “2002-ci ildən biz bu problemi yaşayırıq. Bizə imkan vermir. Özünün kanalizasiyasıdır bizim evimizin arxasından çəkib. O vaxt da düzəldirdik. Lazım olan bütün qurumlar bizə kömək etdi. İndi də bizdən imtina etmirlər, gəlib qapını döyürlər, içəriyə buraxmırlar. İmkan vermirlər ki, camaat işini lazım olan dərəcədə görsün. Bir dəfə buraxıblar həyətə, o da qalıb yarımçıq”.

Ceyhun Məlikov təmiz zamanı qonşusuna dəyən xərci belə öz üzərinə götürməyə razıdır: “Bir ay bundan əvvələ qədər bir-birimizi tanımamışıq. 20 il bundan qabaq burada olub, problem düzəlib. O vaxt anam gedib, qonşu o vaxt da belə bir problem yaradıb. Yenə də eyni problemdir. Səbəb nədir, bilinmir. Onun həyətində nə qazılırsa, deyirəm ki, mən üstün sementləyim. Yəni problem olmasın. Mən özüm xərcini çəkirəm. Qonşu qoymur, səbəbi nədir, bilinmir”.

Sözügedən qonşunun qapısını döysək də, üzümüzə qapı açan olmadı. Məsələnin qonşuluq münasibətləri ilə həll tapmayacağını görəndə isə “qılıncdan iti qanun var” deyib məsələnin hüquqi tərəfini araşdırdıq:

Hüquqşünas Hikmət Xəlilov deyir ki, qonşu sahibi olduğu daşınmaz əmlakdan sui-istifadə edirsə Məlikovların ondan məhkəməyə müraciət etmək hüquqları var: “Hər bir şəxs öz sahibliyində olan torpaq sahəsindən, eləcə də digər daşınmaz əmlakdan sərbəst səkildə istifadə edə bilər. Bir şərtlə ki, digər şəxslərin, və ya üçüncü şəxsin hüquqlarını pozmasın. Hazırkı mövzuda şəxsin öz həyətindən öz şəxsi kanalizasiya xətti olsun və ya digər xətlər olsun, əgər bunların nəticəsində qonşuya və ya üçüncü şəxslərə ziyan vurulursa, bu, şəxsin öz hüquqlarından sui-istifadə etməsi deməkdir. Belə olan halda ziyan çəkən şəxs ziyan vuran şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər və dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ var”.

“Qonşu qonşu olsa, kor qız ərə gedər” deyib atalar. Məlikovlar ailəsinin də qonşusu qonşuluq etmədiyinə görə məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır.

İsa İsmayılov

Üzeyir Ağayev

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın