17:46 16 Sentyabr 2020 176
Ana səhifə Xəbərlər

Quba-Xınalıq yolunun tikintisi davam edir – 8 YAŞAYIŞ MƏNTƏQƏSİNİ BİRLƏŞDİRƏCƏK

Turizm əhəmiyyətli Quba-Xınalıq avtomobil yolunun inşası davam etdirilir.

APA TV-nin yerli bürosunun məlumatına görə, hazırda bu istiqamətdə işlər sonuncu mərhələdə aparılır.

Yol səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.

24 km-lik Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq marşrutu üzrə torpaq yatağının hazırlanması işləri yekunlaşıb.

Hazırda Susay kəndi ərazisində yola ikinci qat asfalt örtüyü döşənir.

Sonuncu mərhələdə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun tikintisi də nəzərdə tutulub.

Sakinlər də yeni çəkilən yoldan razıdırlar:

- Əvvəllər çox əziyyət çəkirdik gəlib-getməkdə. Yollar bərbad idi, çox vaxtımız gedirdi.

- Əvvəl acınacaqlı idi, daş, çayda körpü yox. Nə gecə, nə də gündüz keçə bilirdik. İndi əladır.

4-cü texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi eni 10, hərəkət hissəsinin eni isə 6 metrdir. Yeni yolda 61 və 65 metr uzunluğunda olan 2 körpü də inşa edilib. Yeni inşa edilən yol dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirir.

Yeni yolun salınması mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına təkan verəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın