12:03 04 İyul 2020 1188
Ana səhifə Xəbərlər

Siyəzənli mühəndis yararsız avtomobil şinlərinə ikinci həyat verir

Siyəzən rayon sakini Cavid Yəhyayev uzun müddətdir ki, yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından əl işləri hazırlayır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, iyirmi ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yəhyayev bu dəfə yararsız metal əşyalardan, avtomobillərin ehtiyat hissələrindən istifadə etməklə maraqlı əl işləri hazırlayıb.

Asudə vaxtını qeyri-adi fiqurlar hazırlamağa sərf edən qəhrəmanımız daha çox heyvan, quş, böcək və sair fiqurlar düzəldir. Son əl işləri arasında motosikletlər, neftçıxarma qurğusu, insan, quş və balıq fiqurları daha diqqətçəkəndir. Hazırlanan əl işlərinin bəziləri abstrakt janrdadır.

Cavid Yəhyayevin yararsız materiallardan hazırladığı maraqlı eksponatların sayı 100-ə çatır: “Hazırda metaldan xüsusi əşyalar düzəldirəm. İndi isə qaşıqlardan, çəngəllərdən gördüyünüz xüsusi əşyalar üzərində işləyirəm. Hər düzəldilən fiqurun ölçüsündən asılı olaraq 1-3 gün vaxt tələb olunur. Belə bir fikrim var ki, yer kürəsinin ekoloji vəziyyətini göstərən bir fiqur hazırlayım”.

Siyəzənli mühəndis yararsız avtomobil şinlərindən hazırladığı əl işləri ilə IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisində iştirak edib. Yararsız avtomobil şinlərinə “yeni həyat” bəxş edən Cavid Yəhyayev daha çox heyvan, quş fiqurları və müxtəlif formalı dibçəklər hazırlayır.

Artıq 8 ildir bu işlə məşğul olan Cavid Yəhyayevin belə əl işləri düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan istifadə etməyin mümkünlüyünü göstərməkdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın