14:40 19 Noyabr 2019 48
Ana səhifə Xəbərlər

Qüdrət Həsənquliyev: “Hakimlərə azı 10 min manat maaş verilməlidir”

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 21 məsələ daxil edilib.

İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb.

Qanunvericilik paketi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib: “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, vahid məhkəmə təcrübəsi yaradılmasının məqsədi ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etməkdir”.

Qanun layihəsinə münasibət bildirən deputat Qüdrət Həsənquliyev qeyd edib ki, məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir: “Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdırıla bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Deputat hakimlərin iqtisadi müstəqillik məsələsinə də diqqət çəkib: “Hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq. Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, həbsdən çıxıb müxalifətə qoşulan bəzi adamlar vaxtilə mindən artıq məhkəmə qərarını pozub, yerinə yetirməyib: “Hansı ki, o, Azərbaycan vətəndaşını işə bərpa etməyib və insanları dövlətdən narazı salıb. O, Avropa Məhkəməsinin 5 qərarını yerinə yetirmir. Demokratik Qərbdən, Amerikadan və başqa-başqa yerlərdən danışır. Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur. Vaxtilə özü bu əməllərin sahibi olub. O qərarlar vaxtında yerinə yetirilsəydi və yerinə yetirilmədiyi halda, ona ciddi şəkildə cəza verilsəydi, bu gün o, başqa cinayətlərə də yuvarlanmazdı. Bu məsələdə ciddiliyi təmin etmək lazımdır”.

Vitse-spiker Ziyafət Əsgərov xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə toxunub: “Gəlin bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Tutaq ki, narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Dövlət ekspertizasında elə avadanlıqlar, imkanlar var ki, özəl ekspertlərdə də var. Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq ki, hansı qərarı versin. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunu alqışlamaq və səs vermək lazımdır”.

Qanun layihələrinə əsasən, məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Təklif edilən dəyişikliklərə əsasən, yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün tələblər müəyyən edilir.

Digər qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın