03:20 14 Noyabr 2019 475
Ana səhifə Xəbərlər

Qüdrət Həsənquliyev: “Toya 10 minə gedən müğənni 30 manat vergi verir”

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı deyib.

O bildirib ki, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

Deputat Qüdrət Həsənquliyev deyib ki, çəkməçidən 5 manat vergi alınır, toya 10 min manata gedən müğənnidən 30 manat vergi ödənilməsi tələb olunur: “Qeyd olunub ki, videoçəkiliş edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Hamımız bilirik ki, elə artistlər var, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu, nə dərəcədə ədalətli vergiqoymadır? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq".

Onun sözlərinə görə, Prezident dəfələrlə bildirib ki, sahibkarlar yalnız vergi ödəməlidirlər: “Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb ki, vətəndaşların vergiyə inamını artırmaq üçün “tolkuçka"lardan başlamaq lazımdır. Nə qədər vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. İnsanlar görsələr ki, həmin yerlərdə vergi nizam-intizamı yaradılıb, sahibkarlar heç bir problemsiz öz vergilərini ödəyəcəklər”.

Deputat Vahid Əhmədov qeyd edib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır: “Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nə ilə əlaqədardır, bunu da bilmək istərdim”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ali məktəb dərsliklərinin ƏDV-dən azad edilməsi ilə bağlı deputatların təklifinə cavab verib:

“Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox halda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı da ola bilər, elmi ədəbiyyat da ola bilər. Bu da ali təhsil məktəbləri üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”.

Sənəd müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın