18:00 19 Noyabr 2019 47
Ana səhifə Xəbərlər

Qüdsdən sonra ABŞ-dan İsrailə daha bir jest: 41 İLDƏN SONRA...

ABŞ hökuməti Fələstin münaqişəsinə rəsmi mövqeyində kəskin dəyişiklik edib.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, bu, sözü gedən münaqişəyə Vaşinqtonun 1978-ci ildən bəri nümayiş etdirdiyi mövqeyinin tam əksidir.

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bildirib ki, rəsmi Vaşinqton artıq İordan çayının qərb sahilində İsrailin məskunlaşma siyasətini bundan sonra beynəlxalq hüququn pozulması kimi qiymətləndirməyəcək: “Uzun illər bizim bu məsələyə münasibətdə siyasətimiz dəyişməz qalıb, amma mübağiləsiz demək olar ki, bu prinsip işləməyib. Prezident Donald Tramp administrasiyası Barak Obama administrasiyasının İsrail yaşayış məntəqələrinin salınmasına münasibətini nəzərdən keçirir. Ümid edirik ki, Qərb sahilində İsrail mülki yaşayış məntəqələrinin inşasının beynəlxalq hüquqa zidd olmadığı haqqında qərarımız Fələstin və İsrailə bu mürəkkəb problemin siyasi həllini tapmaqda kömək edəcək”.

İsrailin baş naziri vəzifəsini icra edən Benyamin Netanyahu bu bəyanatdan dərhal sonra Birləşmiş Ştatlara təşəkkür edib: “İsrail xalqı! Bu, tarixi bir gündür və siyasətimizin daha bir böyük nailiyyətidir. Prezident Tramp Holan təpələri üzərində suverenliyimizi və Yerusəlimi İsrailin paytaxtı kimi tanıdıqdan sonra ABŞ administrasiyası yaşayış məntəqələrinin tikintisinin qanunsuzluğu barədə yalanlara da son qoydu. Prezident Trampa və dövlət katibi Pompeoya təşəkkür edirəm”.

Fələstinin baş müzakirəçisi Saeb Erekat isə ABŞ-ın qərarını kəskin tənqid edib: “Bu qərar beynəlxalq ictimaiyyəti münaqişələrin sülh yolu ilə həllindən “cəngəllik qanunları” müstəvisinə aparır. İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələri salması təkcə qanunsuzluq deyil, həm də hərbi cinayətdir”.

Bir çox analitiklər hesab edir ki, rəsmi Vaşinqtonun qərarı İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli ehtimalını dalana dirəyəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın