14:30 20 Yanvar 2021 142
Ana səhifə Xəbərlər

Qumbaraatanla düşmən səngərinə hücum edəndə şəhid oldu - REPORTAJ

18 yaşlı şəhidimiz Xəqani Məmmədovu həm şirvanlı, həm də zəngilanlı kimi təqdim etmək olar.

APA TV xəbər verir ki, ata yurdu Zəngilan rayonu olsa da, Xəqani 2002-ci il martın 30-da Şirvan şəhərində anadan olub.

Atası Füzuli Məmmədov 27 il əvvəl 12 yaşında valideynləri ilə birgə Zəngilanın Qaradərə kəndindən köçkün düşərək Şirvan şəhərində məskunlaşıb. Şəhidimiz ata-baba yurdunu görməsə də, o torpaqların qaytarılması uğrunda canını əsirgəməyib.

Şəhidin nənəsi İstefa Rzayeva deyir ki, evdə o qədər Zəngilandan danışıb, oranı tərifləyib ki, Xəqani gedib oraları görmək arzusu ilə böyüyüb: “Fəxr edirəm balam vətən yolunda gedib şəhid oldu. Cəmi şəhidlərə rəhmət diləyirəm. Xəqaninin atası burda ailə qurub. Xəqani burda boya-başa çatıb. Xəqani bura uşağı idi, Zəngilan uşağı deyildi. Mən Zəngilan deyəndə deyirdi ki, nənə, gedim bir görüm harda yaşamısan? Çox deyirsən Zəngilan gözəldir. Deyirdim, darıxma, əsgərlik vaxtın gələndə gedib görərsən nənən necə yerlərdə yaşayıb. Getdi balam, yarımçıq gəldi. Allah şəhidlərə rəhmət eləsin. Komandiri ilə bir yerdə şəhid olublar”.

Müharibə başlayanda Xəqani 6 ayın əsgəri olub. Şəhidimizin anası Zülfiyyə xanım deyir ki, 18 yaşı olsa da, həmişə şəhidlikdən danışar, “şəhidliyin zirvəsi ucalıqdır” deyərdi: “Sentyabr ayının 27-si zəng eləmişdi. Hal-əhval tutandan sonra dedi, mama, nənələrimə de, mənə dua etsinlər. Bir də görəcəksən gəlmişəm. Dedim, məzuniyyətə gələcəksən? Möhkəm güldü, dedi, mama, o cür yox, başqa cür gələcəm, görəcəksən. Ancaq dua edin bizlərə. Mən də dedim bütün dualar sizinlədir. Dedim, Allah səni qorusun, bütün əsgərlər də onun içində. Oktyabrın 9-da xəbər gəldi ki, şəhid olub. Bütün şəhidlərə Allah rəhmət eləsin”.

Şəhidin anası onun cəsurluğundan fəxrlə danışır: “Ananı, vətəni sevən uşaq idi. Onun ayağında yanıq izləri var idi. Uşaq vaxtı yanmışdı. Mən hər dəfə deyirdim ki, ayağın yandığına görə bəlkə səni əsgər aparmadılar. Deyirdi, elə demə. Heç nə olmayıb. Ayağım yansa da, əsgər gedəcəm, aparmasalar da. Qurban olum onun zirvəsinə. Balamla fəxr edirəm. Həmişə fəxr ediləsi uşaq idi. İndi lap da fəxr edirəm”.

Komandirləri, əsgər yoldaşları Xəqaninin Suqovuşanda göstərdiyi qəhrəmanlıqdan danışırlar. Ölümün üzünə dik baxan balaca qəhrəman hamını mat-məəttəl qoyubmuş. Xəqani fərqinə varmadan hücuma keçir, çiynindəki qumbaraatanla tarix yazırdı.

Xəqaninin əsgər yoldaşları, sağ qalan komandirləri əmisinə danışıblar ki, bu 18 yaşlı igid ermənilərin səngərinə 3 ədəd mərmi atıb, heç nəyə məhəl qoymadan erməni səngərinə üz tutub. Səngərin yaxınlığında onu vurublar.

Şəhidin əmisi Nizami Məmmədov deyir ki, Birinci Qarabağ müharibəsində Zəngilan rayonunun Qaradərə kəndinin Akif, Filman, Azər adlı 3 şəhidi olub. Xəqani 2-ci Qarabağ müharibəsində bu kəndin yeganə şəhididir: “Suqovuşan istiqamətində gedən döyüşlərdə komandirləri tərəfindən çox cəsur əsgər adına layiq görülüb. Briqadanın 5 şəhidi olub - 4 zabit, 1 əsgər, o da Xəqani olub. O qranatomyot çiynində komandiri ilə birlikdə erməni səngərinə qaçıb tullanmaq istəyəndə minomyot qəlpəsindən şəhid olub. Dostları deyib ki, Xəqani, qaçma, amma Xəqani qranatomyot çiynində qaçıb, “qorxmayın, gəlirəm” deyib. Onda bir an gördük ki, Xəqani yerə yıxıldı. Onun əsgər yoldaşlarından biri Neftçala rayonunun Xıllı kəndindəndir. Əsgər deyir ki, mən çalada aşağıda dayanmışdım, Xəqani çalanın üstündən aşıb qaçdı, dedim, Xəqani, gözlə, atdılar. Həmin vaxt Xəqani yerə yıxıldı. Deyir, yavaş-yavaş yaxınına getdim, gördüm şəhid olub”.

Şəhidin atası Füzuli Məmmədov sözlərinə görə, telefonla danışanda hər zaman “ata, mənimlə fəxr edəcəksən” deyirmiş: “Ayın 4-də şəhid oldu. 5 gün neytral zonada qaldı. Ayın 9-da xəbər gəldi, qardaşımla bir yerdə getdik, şəhidimizi gətirdik. Elə deyirdi ki, ata, sən mənimlə fəxr elə. Mən də deyirdim səninlə fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xəqani Məmmədov oktyabrın 4-də Suqovuşanda şəhid olub, oktyabrın 10-da Şirvan Şəhidlər Xiyabanında dəfn olunub. Ailəsi təsəlli tapmaq üçün hər ayın 10-da onun xatirəsini yad edir. Çəkiliş apardığımız gün, yəni yanvarın 10-da yeni salınmış qəsəbədə Xəqaninin adına qurulan bulağın açılışı idi. Mərasimdə Xəqani ilə birgə şəhid olan komandirinin də atası iştirak edib.

Xəqani Füzuli oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Vətən müharibəsində iştiraka görə”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdam rayonunun azad olunmasına görə” medalları ilə təltif olunub.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın