22:00 10 Avqust 2019 114
Ana səhifə Xəbərlər

Qurbanlıqlar bölgədən Bakıya neçəyə gəlib çıxır? - REAL QİYMƏTLƏR

Qurban bayramına iki gün qalır. Dünyada yaşayan bütün müsəlmanlar kimi Azərbaycanda da müqəddəs ritualı yerinə yetirmək istəyənlər heyvan seçiminə hazırlaşır. İri heyvan bazarlarından biri də Sabirabad rayonundadır. Əsasən cümə günləri fəaliyyət göstərən heyvan bazarında bayram ərəfəsində qələbəlik artıb. Ərazidə çəkiliş apardığımız zaman təklifin tələbi üstələdiyini müşahidə edirik. Fərdi alıcılara nisbətən topdan alver edənlərin sayı çoxdur. Qiymətlərin bahalığından giley var. Gileylənənlər isə təkcə müştərilər deyil. Fermerlər heyvanların saxlanmasının baha başa gəldiyini bildirir: “Heyvan saxlamaq sərf eləmir. Otun kipin 3 manata alıram. Quzunu 100 manata satıram. Məni qane eləmir. Yonca əkməyə Yer yoxdur. bir quzunu satılış üçün yetişdirmək kiloqram hesabı ilə mənə 15 manata başa gəlir. Gətirib burda 10 manata satıram. Arpanı 40, buğdanı 50 qəpiyə alıram. Qane eləmir. Alıcı da yoxdur”. Öz bəslədiyi heyvanı sata bilməyənlər isə alverçilərdən şikayətçidir: “14 kiloluğu 150 manata satıram. Alan yoxdur. Kiloqramı 8 manata düşür. Hamısı alverçilərdir. Kəndçidən alan yoxdur”. Başqa bölgələrdən heyvan almağa gələnlər də vəziyyətdən narazıdır: “Bu gün 5 heyvan almışam. Qiymətlər qane eləmir. Hardasa 12 manata başa gəlir. Satacam 13-13 manat 50 qəpiyə. Ona görə ki, yol pulu var, yer pulu var”. “Bakıdan gəlmişəm. Qoyun almaq istiyirəm, amma almaq olur ki? Quzunu 14 manata verirlər. Yalan deyirəmsə, gəlin sizin yanıınızda alım, baxın. Qiymətlər çox bahadır. Əsdasən xırdabuynuzlu heyvanlar bahadır. Qurbanlıq alanlar daha çox 12 kiloluq heyvan istəyir. İri qoyunları əlbəttə, çox almırlar. Sizin yanınızda 13-15 kiloqramlıq heyvanı alım, görün, ətin kiloqramı neçəyə düşür? 14 manata düşür. 11 kiloqramlığı 165 manata verirlər”. “Sumqayıtdan gəlmişəm. Qiymətlər qane etmir. Bu heyvanı 800 manata, digərini də 1320 manata almışam. 800 manata aldığım 70-75 kiloqram gəlməz. Kiloqram hesabında 10 manat 50 qəpiyə düşür”. Bazarı gəzib, dolaşdıq. Alverindən razı qalanlar da az deyil: “10 kiloluq quzu 120 manata, 15 kiloluğu 180 manata satıram. Ətin kilosu 12 manata düşür. Bazara 40 ədəd quzu çıxarmışam. Alıcılar da hər yerdən var. Sabirabad, Saatlı, Bakı… Qiymətlər satıcıları da, bizi də qane edir”. “Bir heyvanı 120-130 manata satırıq. Kiloqram hesabı ilə 13-15 manata düşür. 30-a qədər heyvan gətirmişdim. 15-i qalıb”. Bizə isə yalnız bunu demək düşür, Allah kəsdiyiniz qurbanları qəbul eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın