10:30 15 İyun 2018 5382
Ana səhifə Xəbərlər

Ramazan bayramı süfrəsi neçəyə başa gəlir? - REPORTAJ

Sabah Azərbaycanda Ramazan bayramıdır. Kimi bu bayramı evində süfrə başında, kimisi isə şəhərdə və şəhər kənarındakı restoran və kafelərdə açılacaq bayram süfrələrində qeyd edəcək.

Maraqlıdır, builki bayram süfrəsi neçəyə başa gəlir? Bazar və dükanlarda qiymət artımı müşahidə olunurmu? Bayramı evdəmi, yoxsa restorandamı qeyd etməli?

Bu və ya digər suallara cavab tapmaq üçün paytaxtın mərkəzi bazarlarından birinə üz tutub qiymətlərlə maraqlandıq.

Yay aylarında adətən ucuzlaşmalı olan mal ətinin 1 kiloqramı 7-10 manata təklif olunur. Satıcıların sözlərinə görə, hazırda quzu ətinin qiymətində də enmə var. Belə ki, 10 gün əvvəl quzu ətinin 1 kiloqramı 13 manat idi, indi isə 11 manatdır.

1 kq qoyun ətini 9 manata ala bilərsiniz. Toyuq ətinin qiyməti 4 manat 20 qəpik - 4 manat 60 qəpik arasında dəyişir. Qiymət dəyişikliyi xüsusilə toyuq filesində, yəni döş ətində nəzərə çarpır. Satıcılar filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər.

Bayram günlərinin vaz keçilməzi olan plov düyüsünün qiymətləri isə çeşidlərinə görə fərqlidir: "Hər çeşiddə düyümüz var. Astara düyüsünün qiyməti 3 manat 20 qəpik-4 manat arasında dəyişir. Aş kişmişinin kiloqramı 7 manatdır, alçalar da növlərinə görə fərqlənir. Albuxara 7-9 manat arası dəyişir, alça qurusu kiloqramı 5 manata, ədviyyatlardan sarıkök kiloqramı 6 manatdan, qara istiotun kiloqramı 20 manata, digər ədviyyatlar isə 10 manata satılır".

Quru meyvələrin qiymətinə gəlincə, Zaqatala fındığı 12, Xaçmaz fındığı 11 manata təklif olunur. Yerli qoz məhsulları 15-22 manat arası təklif olunur. Amerika və Ukrayna qoz məhsulları isə 15-30 manat arası qiymətə satılır. Bu məhlullar həcminə görə fərqlənir. Badamın kiloqramı isə 20-22 manatdır.

Kartofun qiyməti 40 qəpiklə 1 manat arasında dəyişir. Soğanı isə 3 kilosu 1 manata da tapmaq olar. Xiyarın ən ucuzu kənar bazarlarda 35-40 qəpiyə olsa da, ümumilikdə 1,5 manata qədər təklif edilir. Pomidorun qiyməti isə ucuzlaşmır ki, ucuzlaşmır. Qiyməti 1,5 manatdan aşağı düşmür. Lobya 50 qəpikdən başlayır, badımcan 80 qəpiklə 1 manat arası satılır.

6 dəstə göyərtinin qiyməti 1 manat, kənd yumurtasının bir ədədi isə 20 qəpikdir.

Bazara çiyələk əsasən Cəlilabaddan, Şəmkirdən, alça Göyçay və Naxçıvandan, ərik isə Goranboydan gətirilir. Alıcılar daha çox yerli məhsullara üstünlük verirlər: "Ərik 3-3.50, alça 3 manat, gilas 4-5 manat arası dəyişir. Çeşidinə və həcminə görə bu qiymətə satılır. Alma və armudun kiloqramı 2 manata, gilənarı 1.50 manata satırıq. Alıcımız da var. Xurmaların qiyməti fərqlidir. Qutu ilə 2-4 manat, çəki ilə isə 4 -35 manat arası dəyişir".

Şəhər kənarında fəaliyyət göstərən restoranlarda isə qiymət əhəmiyyətli dərəcədə dəyişir. Dənizkənarı restoranlara baş çəkib, burdakı qiymətlərlə də maraqlandıq. Bu iaşə obyektlərində milli mətbəximizlə yanaşı, Avropa mətbəxi də təklif olunur. Kifayət qədər uyğun qiymətə olan bu menyuda xəmir xörəkləri, müxtəlif çeşidli qutablar da üstünlük təşkil edir: "Dəniz kənarında olduğu üçün bizim məkanda qutablar xüsusi çeşidləri ilə fərqlənir. Bundan başqa menyuda pizza, gürcü xəngəli təklif edirik. Bundan başqa, digər restoranlarda olduğu kimi, müxtəlif çeşidli kabablar, sac da var. Avropa yeməklərindən monastır salatı da menyumuzda daim var. Ramazan bayramı ilə bağlı məkanımızda xüsusi endirimlər də var. 50 manatlıq süfrəyə çay süfrəsi hədiyyə edilir. Ümumiyyətlə, iki nəfərlik bayram süfrəsi 30-40 manata, 4-5 nəfərlik bayram süfrəsi 60-80 manat, 10 nəfərlik stol 150-20 manat arasında dəyişir. Bütün menyulara qutablar, soyuq qəlyanaltılar, sərinləşdirici içkilər, şirələr də daxildir. Bilirsiz ki, Novxanı həm də qutabları ilə məşhurdur. Burda hər çeşiddə qutablarımız var. Ona görə də tələbat fərqlidir".

Otellərə nəzər saldıqda, “Eyvan” xüsusi Ramazan menyusu adambaşına 25 manatdan başlayıb 55 manatda yekunlaşır.

Belə... Bu da bazar və restoran qiymətləri... Qoy bu Ramazan bayramı evinizə ruzi-bərəkət gətirsin! Tutduğunuz oruc, etdiyiniz dualar qəbul olsun! Bayramınız mübarək!

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın