21:48 03 İyul 2020 454
Ana səhifə Xəbərlər

Ramin Bayramlı: "Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan aşkar edilib"

“Pandemiya ilə əlaqədar ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi çətinliklərin qarşısının alınması üçün müvafiq göstərişlər verildi. Bu gün həmin tapşırıqların həyata keçirilməsi davam edir”.

APA TV-nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O deyib ki, sərt karantinin ikinci həftəsi tamamlanır, ancaq yoluxmanın səviyyəsi hələ də yüksək səviyyədə qalır: “Cəmiyyət olaraq bu problemlə üzləşmişik. Azərbaycanın bu problemə qalib gəlməsi üçün cəmiyyətin səfərbər olması vacibdir. Vacib odur ki, mən nə etmişəm. Çünki bu, ümumxalq problemidir və gərək hamımız səfərbər olaq. Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur. Sadəcə, maska taxmaqla, sosial məsafəni qorumaqla, əllərimizi tez-tez yumaqla biz nəticəyə nail ola bilərik”.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün artım dalğası tək Azərbaycanla bağlı deyil, ABŞ və Çində də bu artım var. Azərbaycandan sonra yumşalmalara gedən ölkələrdə də ciddi problem var.

Şahmar Mövsümov qeyd edib ki, 190 manatlıq birdəfəlik ödənişlərlə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. 21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda ödənişlər təmin olunacaq. Bu ödənişlərin qısa müddətdə - 2-3 gün ərzində hissə-hissə ödənilməsinə başlanacaq.

Prezidentin köməkçisi rayonlararası hərəkətin nə vaxt açılacağına da aydınlıq gətirib. Bildirib ki, narıncı zonanın sarı zona statusunu almasından sonra təbii ki, rayonlararası hərəkət də açılacaq.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, karantin rejimi tətbiq olunmasa, yoluxma sayı 2-3 qat artıq olardı. O, Azərbaycanda ölümün 2 faizdən aşağı olduğunu söyləyib.

Ramin Bayramlı hazırda koronavirus infeksiyasına yoluxmuş xəstələrdən 267 nəfərinin reanimasiyada müalicə aldığını açıqlayıb. Onun sözlərinə görə, xəstələrdən 59 nəfəri süni nəfəs aparatına qoşulub.

Ramin Bayramlı həmçinin vurğulayıb ki, son həftələr daha gənc insanlar arasında da ölüm halları artır. Bu, virusun mutasiyaya uğraması ilə izah edilir. Ailə şəklində xəstəliyi ağır keçirənlər də çoxdur. Bu gün yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir. Bu, yas yerlərində toplaşma ilə bağlıdır. Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan aşkar edilib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib: “8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkən cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu, eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir. İcaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirəcə biləcəklər”.

Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur: “Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır. “İcazələrin Alınması və Monitorinqi Sistemi” “TƏBİB”in elektron sisteminə inteqrasiya olunduğundan, koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər. Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır”.

Ülvi Mehdiyev qeyd edib ki, “İcazələrin Alınması və Monitorinqi Sistemi” Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.

Ülvi Mehdiyevin sözlərinə görə, insanlar hazırda SMS-lə yalnız özlərinə icazə alırlar. 5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir. Artıq bununla bağlı normativ hüquqi aktlar hazırlanır.

Ülvi Mehdiyev əlavə olaraq qeyd edib ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Amma taksi xidməti fəaliyyətdə olacaq.

Agentliyin sədri söyləyib ki, televiziya verilişinə gələn qonaqlar SMS-lə icazə alaraq gələ bilərlər. İyulun 5-dən isə həmin qonaqlar avtomobilləri ilə də bağlı icazə almalı olacaqlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın