19:00 23 Sentyabr 2020 207
Ana səhifə Xəbərlər

Ramin Bayramlı: “Koronavirusa qarşı peyvəndləmə könüllü olacaq”

“Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib. Hazırda epidemioloji situasiya sabitdir”.

APA TV-nin məlumatına görə, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə dərmanların tapılması uzun müddət tələb edir: “18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. GAVİ vaksinasiya üzrə qlobal alyansdır. Sazişə görə, götürülmüş öhdəliklər var və müəyyən ödənişlər edilməlidir. Bu baxımdan da hökumətin qərarı ilə cənab prezident tərəfindən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müraciət ediləcək”.

R. Bayramlı deyib ki, sazişə əsasən, Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyvəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində indi ödənilməlidir. Vaksinin təhlükəsizliyi ilə bağlı sınaqlar tam başa çatdıqdan sonra alacağımız vaksinin ödənişinin digər hissəsi ödənilməlidir.

İdarə heyəti sədrinin sözlərinə görə, 146 vaksin namizədindən 27-si birinci, 14-ü ikinci, 9-su üçüncü kliniki sınaq fazasındadır. Ölkəmizdə vaksinlərin istehsalı və xaricdən vaksinlərin alınması istiqamətləri müzakirə olunur.

Ramin Bayramlı vurğulayıb ki, vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var: “Bunlardan biri ikitərəfli danışıqların, digəri isə çoxtərəfli platformada danışıqların aparılmasıdır. Hər iki istiqamətdə tədbirlər görülür”.

R. Bayramlı qeyd edib ki, hazırda seroloji testlər aparılır. ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır. Onun sözlərinə görə, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. Həmin qrupa səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir.

R.Bayramlı vaksinasiya prosesinin könüllü xarakter daşıyacağını da nəzərə çatdırıb. Qeyd edib ki, peyvənd olunmuş insanların donor olmasında heç bir problem olmayacaq.

Hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir, gələcəkdə tədqiqatlar daha yuxarı yaş qruplarını əhatə edəcək.

Daha sonra çıxış edən TƏBİB-in əməkdaşı Samir Vəliyev bildirib ki, COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb. GAVI təşkilatı tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dolları kimi proqnozlaşdırılır. Hər şey daxil olmaqla 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır. Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 faiz hissəsinə 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır: “Öhdəlikli satınalma variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxildirsə, 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir”.

Qurum əməkdaşı qeyd edib ki, müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir.

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın