07:20 08 Noyabr 2019 52
Ana səhifə Xəbərlər

Rauf Arifoğlu: “Məqsəd kommunizmlə mübarizə aparmaq idi”

"Yeni Musavat” qəzeti Milli Azadlıq Hərəkatından doğan təsislərdən biridir. Biz müstəqil Azərbaycanda yox, Sovet dövründə yarandıq. Gizli şəkildə fəaliyyət göstərir, nə düşünürdüksə, onu edirdik, Milli Azadlıq Hərəkatının tələbləri nə idisə, onu yerinə yetirirdik”.

APA TV-nin məlumatına görə, bunu “Yeni Müsavat” Media Qrupunun 30 illik yubileyinə həsr olunmuş tədbirdə qəzetin baş redaktor Rauf Arifoğlu deyib.

Onun sözlərinə görə, qəzetin missiyası milli medianı yaratmaq, Müsavat ideologiyasını yenidən Azərbaycana gətirmək və kommunizmlə mübarizə aparmaq məqsədi daşıyırdı: “30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. 30 il sonra məmnunluqla bildirirəm ki, “Yeni Müsavat” milli azadlıq hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir”.

Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edərək qəzeti 30 illiyi münasibəti ilə təbrik edib: “Bu gün “Yeni Müsavat” milli jurnalistikamızın təməl prinsiplərini rəhbər tutaraq cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə etmək, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi göstərmək, cəmiyyəti qayğılandıran problemlərin müzakirə platformasına çevrilmək, problemlərdən çıxış yollarını göstərmək, eyni zamanda Azərbaycan xalqının adət-ənənələrinin, mədəni irsinin qorunmasına töhfə vermək istiqamətində bir mətbuat orqanı kimi uğurla fəaliyyət göstərir”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə bildirib ki, “Yeni Müsavat” bundan sonra da Azərbaycan media tarixində öz yerini qoruyub saxlayacaq. “Yeni Müsavat” nəinki Azərbaycanda, regionda da aparıcı media orqanına çevrilib.

Türkiyənin Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral isə “Yeni Müsavat”ın Azərbaycan tarixinin ən ağır günlərində qurulduğunu vurğulayıb.

Daha sonra qəzetin 30 illik tarixini əks etdirən “Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film nümayiş olunub. Filmin yaradıcı heyətinə “Yeni Müsavat” Media Qrupu adından hədiyyə təqdim olunub.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Yeni Müsavat” Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğludur. “Yeni Müsavat” Azərbaycanda həftədə 6 dəfə dərc olunan yeganə qəzetdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın