04:40 16 Oktyabr 2019 46
Ana səhifə Xəbərlər

Rəşad Tağıyev: “Məktəbəhazırlıq qrupunda uşaq üçün məktəb və müəllim avtomatik seçilir”

Bakı məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur.

APA TV-nin məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 1-ci sinfə qəbul üçün elektron qeydiyyat şagird sıxlığı ilə əlaqədar problemləri vaxtında müəyyənləşdirib prosesin düzgün və səmərəli idarə olunmasını təmin etməyə, şagird kontingentinin uçot sistemini təkmilləşdirməyə, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edərək qabaqlayıcı tədbirlər görməyə imkan verir:

“Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixində fərmanının tələblərini həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərinin dairəsini genişləndirilməsi məqsədilə ümumilikdə məktəbə qəbul prosesi elektron qaydada aparılıb. Dövlət ümumtəhsil müəssisələrinin, məktəbəhazırlıq qruplarının və birinci siniflərin uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sisteminin tətbiqi valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyat prosesinin sadələşdirilməsinə xidmət edir”.

R.Tağıyev deyib ki, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Tədrisi digər dillərdə aparılan bölmələrdə isə şagird qəbulu müsahibə prosesi əsasında həyata keçirilib. 2019-2020-ci dərs ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə 46 293 uşaq qəbul edilib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə məktəbəhazırlıq məsələsinə də toxunaraq bildirib ki, bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizi məktəbəhazırlıq təhsilinə cəlb olunub. Bu isə kifayət qədər yaxşı göstəricidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın