06:00 21 İyul 2018 886
Ana səhifə Xəbərlər

Restoranda yediklərimiz necə hazırlanır? - REPORTAJ

Paytaxtın məşhur restoranlarından birinin mətbəxindəyik. Məqsədimiz müştəriyə təqdim olunan isti xörəklərin hansı şəraitdə hazırlanmasını müşahidə etmək və prosesi yaxından izləməkdir.

Baş aşpaz Füzulinin dediyinə görə, yay fəsli olmasına baxmayaraq, ət məhsullarına tələbat böyükdür: "İsti-isti hazırlanır bütün qazan xörəklərimiz və müştəriyə təqdim olunur. Heç bir isti xörək soyuducuda saxlanılmır. Yəni bişirilən kimi süfrəyə verilir."

Gün ərzində müştərilərin ən çox istədikləri sac yeməkləridir: Kənd çolpasının qızardılmışı və sacı, çığırtması, kənd çolpasının turşulu hazırlanması. Baxmayaraq ki, yay aylarıdır, istəklər dəyişmir. Bütün qazan xörəkləri və qızardılmış ət və quş əti məhsulları zeytun yağında hazırlanır".

Sac quzunun quyruğu əlavə edilməklə hazırlanır. Burda da zövqlər müxtəlifdir. Kimi can ətindən, kimi kənd çolpasından sac yeməkləri istəyir: "Düz 20 ildir mətbəxdəyəm. Aşpazam, çətin deyil. Yoruluram, amma zövq alıram müştəri məmnun qalanda. Əvvəlki on ilimi dəqiq xatırlamasam da, son on ildə şikayət eşitməmişəm. İnanıram ki, bundan sonra da olmaz".

Gördüyünüz bu xörək süfrəyə belə təqdim olunur. Kağız yarpaqları 4 ədəd, can əti, göbələk və onlarla birlikdə zeytun yağında qızardılmış kartofda əlavə edilir: "Digər restoranlarda olduğu kimi, bizdə də xüsusi uşaq menyuları var. Kənd toyuğundan hazırladığımız qızarmış qanad və isti-isti kartof qızartması, pizza hazırlayırıq. Digər restoranlardan fərqimiz odur ki, bizdə müştərinin çeki mətbəxə daxil olmayanacan heç bir yemək hazırlamırıq. Yəni əvvəlcədən qızardaq, donduraq kimi hallara burda rast gələ bilmərsiz".

Beləcə, təxminən 15 dəqiqə ərzində can ətindən hazırlanmış sac xörəyini hazırlanma prosesini izlədik.

Maraqlıdır, paytaxt sakinləri hansı restoranlarda yemək yeməyə üstünlük verir?

- Hərdən Bakıya qonaq gələndə dost-tanışla restoranda otururam. Təbii ki, maddi imkanım olarsa. Daha çox manqal yeməklərinə üstünlük verirəm. Niyəsinə gəlincə, manqalda bişdiyinə görə daha çox etibar edirəm.

- Mən daha çox qonaqlarımı evdə qarşılamağı sevirəm. Bilirsiz necədir? Bu dəqiqə hansı restoran qidaları necə hazırlayır, məlum deyil. Mənşəyi bəlli olmayan bəzən ət məhsullarından istifadə edilir. Ona görə çalışıram ki restoranlara o qədər də çox getməyim. Amma bir məsələ var ki, üz tutduğum məkanları yaxşı tanımasam və yaxud da bilməsəm, getmərəm. Ona görə də gedirəmsə, tanıdığım-bildiyim yerlərdə yemək yeməyə və daha çox manqalda hazırlanan menyüyə üstünlük verirəm.

Ramin nə az-nə çox - düz 12 ildir kababçı kimi çalışır. Deyir ki, səhər saatlarından başlayaraq ən sonuncu müştəriyədək manqal başında olur. Yorulsa da, işini zövqlə görür: "Daha çox kabablardan lülə sifariş edilir. Baxmayaraq ki, yay fəslidir, kababa tələbat böyükdür. Toyuq kababına da üstünlük verənlər var. Məhsullarımızın keyfiyyətinə əminik. Biz çek sistemi ilə işləyirik. Bizə sifariş daxil olan andan hazırlığa başlayırıq. Dondurulmuş ətdən istifadə etmirik. Bu, quzu ətindən hazırlanıb. Tərkibinə quyruq və soğan əlavə olunub. Düz və istiotu da əlavə edib hazırlayıram. Müştərilərimiz məmnundur, amma narazı qalanlar da olur. Müştərilərimizin sayı çox olanda bəzən bir az çiy qalır ət, sifarişi çatdırmırıq. Amma yaxınlaşıb izah edirik, ürəklərincə olmayanda yenidən hazırlayıram. Ən yaxşı hal odur ki, isti xörəklərimiz hazırlanan mətbəxdə elə manqal mətbəxi də şəffaf şüşələrlə əhatə olunub. Müştərinin gözü görə-görə biz hazırlıq edib bişiririk".

Toyuq lüləsini də eyni qayda ilə hazırlayan həmsöhbətimiz deyir ki, broyler toyuqlarından qətiyyən istifadə olunmur. Yalnız dana basdırmasını bir neçə saat saxladıqdan sonra müştəriyə təqdim edilir. Müştərilər həmçinin yaya aylarında tərəvəz kabablarına da üstünlük verirlər.

"Kabab qanlı, igid canlı" deyiblər. Kababların da hazırlıq prosesində iştirak etdik. Siz də gördüyünüz bu şəffaf aynalardan nə yeyəcəyini və yeyəcəklərin hazırlıq prosesini müşahidə edə bilərsiniz.

"Bakı əhalisi yeməyə nə qədər pul xərcləyir?" sualına gəlincə, məlum oldu ki, 2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi (kafe, restoran və s.) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq 205,3 milyon manat olub. Bakı şəhər Statistika İdarəsinin açıqladığı məlumata görə, dövriyyənin 45,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-mart aylarına nisbətən 21 faiz artaraq 94 milyon manat təşkil edib.

Harda nə vaxt nə yeyəcəyinizə diqqət edin. Süfrələriniz dolu olsun!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın