08:40 23 Sentyabr 2019 41
Ana səhifə Xəbərlər

Ruhi xəstəxananın baş həkimi: “Xəstələrimiz arasında vəzifəli şəxslər də var”

Sakitlik, yaşıllıq və musiqi...

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindəyik. Polis otağından keçən qapı böyük həyətə açılır.


Adi günlərdən biridir. Ərazisi geniş olan xəstəxananın həyəti ağaclar və kənarlarda əkilmiş güllərlə əhatələnib. Xəstəxananın bir korpusundan digərinə yeriyərək 10-15 dəqiqəyə çatırsan. Şöbələrin əraziləri bir-birindən fərqlidir. Səliqə-sahman göz oxşayır.

Xəstəxananın həyətində bizi nəzarətçi müşayiət edir. Deyir ki, buranın sakinləri yalnız onlar üçün müəyyən olunmuş saatlarda gəzintiyə çıxır. Hər biri xüsusi həkim nəzarəti altındadır.

Sakit baxışlarla bizi izləyən bu insanlar həyətdə təsərrüfat işləri ilə məşğul olur. Kimi su daşıyır, kimi başqa işlər görür, bəziləri isə sadəcə, gəzir.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovdan öyrəndik ki, bina 1936-cı ildə tikilib. Xəstəxanada Qəbul, Uşaq, Yeniyetmə, Nevroz, Kişi, Qadın, Qocalar, Narkoloji, İnfeksiya, Vərəm, Ciddi rejimli məcburi müalicə, Adi rejimli məcburi müalicə şöbələri - bütövlükdə 24-dən çox şöbə var. Xəstələrin sayı kifayət qədərdir: “Hazırda 2000 xəstəmiz var. Ambulator xəstələrin sayı 180-190 nəfərdir. Bu xəstələr müayinə və müalicə olunsalar da, daim həkim nəzarətindədirlər. Hazırda xəstəxanada 346 xəstənin heç bir sosial əlaqəsi yoxdur, yəni kimsəsizdirlər. Onların şəxsiyyət vəsiqələri belə yoxdur. “ASAN Xidmət” və Sabunçu Rayon Polis Şöbəsi tərəfindən həmin şəxslərin qeydiyyatı aparılıb və vəsiqə ilə təmin olunublar. Hər ay bu 340 nəfərdən 30-40-a şəxsiyyət vəsiqəsi verilir. Bu sakinlərimizi evdə doğmaları, əzizləri uzağı iki gün saxlayır. Onlardan imtina olunub. 346 nəfərin heç kimi yoxdur, 1018 nəfərin yaxını, doğması var, amma onlara sahib çıxan yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələrində də bu problemlər var. Yəni psixi dispanserlərin ömürlük sakinləri olur, daimi sakinə çevrilən xəstələrin sayı az deyil”.

Xəstəxananın baş həkimi deyir ki, psixoloji durumu ağır olan xəstələr cəmiyyətin ən zəif təbəqəsi hesab olunur: “Bunların hər birinin çox acınacaqlı taleyi var. Onlar öz qayğılarına qala bilməyən insanlardır ki, dövlətimiz onlara sahib çıxıb. Buradakı sakinlərimiz pulsuz yemək, yataq, dərman və yataq şəraiti ilə tam təmin olunur. Texniki avadanlığımız ən müasir tibbi avadanlıqlardır ki, yalnız bizim dispanserimiz təmin olunub”.

Ağahəsən Rəsulovun sözlərinə görə, ümumi xəstələrin yalnız 1 faizi təhlükəli xəstələr hesab olunur. Amma ruhi xəstələrin illərlə xəstəxanada qalması da ciddi problemlərə yol açır: “Bu, maliyyə baxımından da çətindir. Onda məcbur olub bu xəstələri evə yazmalıyıq. Amma bunlara baxmaq istəmirlər. Min bir yolla xəstəni yenidən bura qaytaran doğmalar var. Biz bir söz demirik, bura dövlət xəstəxanasıdır və hər pasiyent üçün burda müayinə və müalicə üçün diqqət göstərilir. Amma bunlara görə yeni pasiyentlərin qəbulu çətinləşir”.

Əsəb xəstəlikləri ilə bağlı hər iki cinsin nümayəndələri arasında müraciətlər eynidir. Belə xəstəliklər kişilərdə və qadınlarda eyni dərəcədə müşahidə olunur. Son illər ruhi xəstəliklərlə bağlı müraciətlərin çoxalması isə həyat tempinin kəskin şəkildə artması ilə izah edilir. Buna görə də indi insanlar psixoloji cəhətdən daha dözümlü olmalıdır.

Buranın sakinləri arasında yaşlı da var, cavan da. Gözü yolda qalıb ailəsini bir ömür gözləyə ni də var, kimsəsizi də.


Ömrünün yarısını kimliyini bilmədən yaşayan, özünü dərk etməyən, yaxınları və əzizləri tərəfindən düçar olduğu sağalmaz xəstəliyə görə tərk olunanların “evidir” bura: “Elə xəstələrimiz var ki, onlar buradan “Qocalar Evi”nə köçürülür. Orda da sıxlıq yaşanır, amma ora göndərdiyimiz insanlar kimsəsiz insanlardır ki, onlara da artıq psixoterapiya yardımı vacib deyil. Gün ərzində bir həblə həyatlarını normal davam etdirəcəklər. Çünki biz onlar üçün xəstəliyin kəskin dövrünü müalicə etmişik”.

“Remisiya halında yaşaya bilən xəstələr dispanserdən ayrılsalar da, həkim müayinəsinə mütləq gəlməlidirlər” deyən baş həkim bildirir ki, hətta o xəstələrə belə ailələri sahib çıxmır: “Bəzən insanlar özlərindən asılı olmayan səbəblərdən də xəstələrinə sahib çıxa bilmirlər. Bir sözlə, el-oba qınağından çəkinirlər. Yəni dispanserdən çıxmış xəstələr kiminsə ailəsinə, uşağına sataşıb deyə ailəsi də məhz bu səbəbdən onu aparmır, qorxurlar ki, yenidən nəsə baş verər. Amma biz belə xəstələri evə yazanda da məsuliyyət daşıyırıq. Çünki bəzən həmin xəstələr kriminal qrupların əlində alətə çevrilirlər, onlara narkotik və s. daşıdırlar. Tək bu deyil, xəstələr müxtəlif işlərə cəlb edilir”.

Maraqlıdır, həbsxanadan yayınmaq məqsədilə qısa bir müddətdə xəstəxanada qalanlar varmı? Doğrudanmı həmin şəxslərə lazımi şərait yaradılır? Baş həkim hər zaman gündəmdə olan bu suallara belə aydınlıq gətirir: “Bəzən bizdən çox şikayət edirlər. Deyirlər ki, bizdə, rayonda adam yaşayır, sürücüdür və yaxud çobandır, amma dispanserdən əlində kağızı var. Bilirsiniz necədir, mən sizə bir həqiqəti deyəcəyəm. Mənim xəstələrim var ki, televiziyada çıxış edir, çox böyük kollektivlərə rəhbərlik edirlər, müəssisə sahibləridir. Bu o demək deyil ki, dispanserin kağızı varsa, o, işləyə bilməz və harasa rəhbərlik edə bilməz. Ruhi xəstələrin sırasında Qoqol, Tolstoy kimi adamlar var”.

Amma istisnalar da var: “Elə kriminal hadisələr törədən xəstələr var ki, onlara ekspertiza “anlaqlı” olduğu haqda rəy verir. Məsələn, düşünülmüş şəkildə soyğunçuluq edənləri deyirəm. Çünki bu əvvəlcədən planlaşdırılıb. Məsələn, inəyi oğurlayaraq satıb, pulunu da xərcləyən xəstələrimiz olub. Axı bu anlaqlı vəziyyətdədir. Amma elə xəstələr var ki, gedir hansısa mağazanın vitrinini sındırır. Sual verirsən ki, niyə belə etmisən, deyir, gözümə cin-şeytan görünüb. Bu zaman o həbs olunur, amma bu dəfə ekspertiza həmin xəstəyə “anlaqsız” rəyi verir. Yəni bu adam düşünüb, gözünə görünüb və s. Bu artıq xəstəlik əlamətidir. Yəni “dəlixanadan kağız alıb, istənilən hərəkəti edə bilər” fikri kökündən yanlışdır”.

Baş həkim deyir ki, dispanserin xəstəsi olmuş şəxslər arasında dəhşətli cinayət törədənləri də var: “Əgər cinayətdə məqsəd varsa, bu düşünülmüşdür. Amma övladlarının gözü qarşısında yoldaşının başını kəsən xəstəmiz var. Sual verirsən, niyə eləmisən, deyir, övladlarıma dərs olsun ki, onlar da əyri yola getməsinlər. Əslində isə araşdırma zamanı məlum olur ki, sən demə, bu düşünüb ki, bunun yoldaşı həyətə çıxanda qonşunun işığı yanıb-sönürmüş. Yəni bu, sadəcə, öz fantaziyasına və düşündüyünə görə qadının başını kəsib. Bu artıq anlaqsızdır”.

Yeri gəlmişkən, hərbi xidmətdən yayınmaq məqsədilə də Psixiatriya Xәstәxanasının qapısını döyənlər az olmayıb: “Əgər hərbi xidmətə gedən gəncdə balaca bir şübhə varsa, buna dırnaqarası yanaşmaq olmaz. Çünki hərbi xidmətə gedən gənc həyəcanlı olur. Yəni hər hansı bir hadisə onun psixikasına təsir edə bilər. Bu an isə tək onu yox, digər əsgərləri və valideynləri də düşünmək lazımdır. Hərbiyə gedən adamda hətta yüngül ruhi xəstəlik varsa, o da ağırlaşdırılmalıdır ki, adam cəmiyyətdən izolyasiya olsun. Hətta qolunda bir cızığı olmuş gənc belə bizim diqqətimizdən yayınmır”.

Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov deyir ki, ruhi xəstələrin cəmiyyətə adaptasiyası çox önəmli məsələdir və bu məsələyə çox həssas yanaşmaq vacibdir. Baş həkim deyir ki, bu xəstəlik insanların təsəvvüründə olduğu qədər qorxulu deyil, sadə bir müalicə formulu var. Xəstəlik sosial durumuna görə müxtəlif təbəqədən olan insanlarda müşahidə oluna bilər.

SEVİNC VAQİFQIZI

XƏYAL ŞÜKÜRLÜ

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın